Sanatoriyada güclü yanğın – Ölən var

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansarda tipli yataqxana binasının ümumi sahəsi 500 kv.m olan mansardasında taxta konstruksiyalardan ibarət 1 otaq 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı “Şəfa” sanatoriyasında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA/