“Sanksiyaların Putinə təsiri görünmür”
Rusiyanın indiki kursdan imtina etməyəcəyi və sanksiyaların təsirsiz olduğunu etiraf eləmək lazımdır.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.
“Aydındır ki, sanksiyalar Rusiya iqtisadiyyatında özünü göstərir. Ancaq bunun Putinin ötən il Krımla başlayan kursundan imtina etməsinə təsiri nəsə görünmür”, – deyə Pentaqon başçısı Ştuqqartda amerikalı diplomatlar və hərbi rəhbərlərlə keçirilmiş Rusiyaya dair məxfi toplantının yekunları ilə bağlı qeyd edib.
“Associated Press”in məlumatına görə, toplantıda hərbi və diplomatik liderlər Rusiyanın Ukraynada istifadə elədiyi taktika ilə bağlı narahatlıq ifadə ediblər. “Rusiya özünü sözdə də, əməldə də düşmən kimi aparır və bunu gizlətməyə çalışdığı görünmür də. Odur ki, biz də bunu dəqiq şəkildə etiraf eləməliyik” – əlavə edib nazir.
Karter onu da bildirib ki, ABŞ Ukraynadakı situasiya və Rusiyanın siyasəti ilə bağlı NATO-nun Avropada hərbi təlimlərinin sayını artırmağın mümkünlüyünü nəzərdən keçirir.