Türkiyə ordusunun Birinci Dünya Müharibəsində həyata keçirdiyi ən ağır əməliyyatlardan biri olan Sarıqamış hərəkatından 105 il ötür.
Yenicag.az xəbər verir ki, Birinci Dünya Müharibəsi zamanı Türkiyə ordusunun həyata keçirdiyi Sarıqamış əməliyyatının 105-ci ildönümü ilə əlaqədar Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində izdihamlı yürüş təşkil olunub və qardan heykəllər hazırlanıb.
Sarıqamış əməliyyatının 105-ci ildönümü tədbirlərinə Türk-Ərəb Media Dərnəyi ilə Dünya Qarapapaq Türkləri Birliyinin təmsilçiləri də qatılıblar. Qeyd edək ki, bu, ərəb media nümayəndələrinin Sarıqamışa ilk səfəridir.
Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsində baş tutan yürüşdə 10 min nəfərdən çox insan iştirak edib. Əllərində Türkiyə bayraqları və məşəllər olan yürüş iştirakçıları “Vətən sənə canım fəda”, “Hər şey Vətən üçün” şüarlarını səsləndiriblər.
Sarıqamış əməliyyatının 105-ci ildönümü mərasimində çoxsaylı qonaqlarla yanaşı, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, MHP Kocaeli millət vəkili Saffet Sancaklı, Qars valisi Türker Öksüz, Qars-Ərdahan-İğdır Sənayeçiləri və İş Adamları Dərnəyi İdarə Heyətinin üzvü Erdal Toprak, Türk-Ərəb Media Dərnəyi sədrinin müavini Atilla Bayramoğlu, Sərhəd boyları Dərnəyinin rəhbəri Muharrem Yıldız və digər şəxslər iştirak ediblər.
www.yenicag.az