İqtisadi böhranlar iflaslara səbəb olduğu kimi yeni fürsətlər və ideyalar üçün də şərait yaradır. Mövcud iqtisadi böhranın yaradacağı dəyişikliklərlə bağlı proqnozlar isə müxtəlifdir.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib ki, sözügedən böhranın əlverişli imkanlar yaratmasına baxmayaraq, Azərbaycanın müsbət nəticə əldə etməsi üçün münbit şərait yoxdur:
“İqtisadi böhranlar yeni fürsətlərə yol açsa da, indiki dövrdə məlum böhranın özünəməxsus xüsusiyyətləri var. Çünki hazırkı böhran qloballaşmaya qarşıdır. Yəni regionların özünə qapanmasıdır. Belə bir şəraitdə iri bizneslər azalır, kiçik və orta bizneslər isə güclənir. Azərbaycanda bu vəziyyətdən istifadə etmək üçün normal hüquqi və investisiya mühiti yoxdur. Ona görə də insanların yeni ideyalarla çıxış etməsinə imkan yaranmır. Bu baxımdan ölkədə informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsinin gücləndirilməsinə ehtiyac var. Çünki dünyada ərzaq qıtlığı məsələsi getdikcə aktivləşir”.
İqtisadçı Rövşən Ağayev isə bildirib ki, hazırda gedən proseslər 2050 hədəflərinə daha erkən çatılacağını göstərir:
“Rusiya ilə Avropa arasında qaz böhranı getdiyi vaxtda “New Fortress Energy” şirkəti qısa müddətdə ABŞ-nin Avropanı qaz təminatında rolunu sürətlə artırmaq üçün təkliflə çıxış edib. Təklifin mahiyyəti budur ki, nəhəng istehsal gücünə malik LNG zavodlarının tikintisinə vaxt itirmədən bilavasitə qaz hasil olunan sahədə modul tipli orta ölçülü zavodlar qurulmalıdır. Şirkət belə müəssisələri 12 ay ərzində qura biləcəyini deyir. “New Fortress Energy”nin təmsilçiləri bildirib ki, qurum tələb olunan qazma qurğularına artıq sahibdir. Hökumətin zəruri icazələrindən dərhal sonra Meksika körfəzində, Luiziana ştatının sahillərindən təxminən 25 kilometr uzaqlıqda tankerlərin yüklənməsi üçün terminal da qurulacaq. Belə görünür ki, Rusiya-Ukrayna müharibəsi qlobal enerji keçidini daha da sürətləndirəcək”.
Gülşən Şərif
www.yenicag.az