!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sədaqət Kərimova: "Əsəri göz yaşları ilə qələmə almışam" - "Soyuq Günəş" filminin ssenaristi ilə MÜSAHİBƏ

!Reklam – Yazi

“Samur” qəzetinin baş redaktoru, yazıçı, bəstəkar, Əməkdar mədəniyyət işçisi, son ayların trendi olan “Soyuq Günəş” filminin ssenari müəllifi Sədaqət Kərimova Yenicag.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Söhbətimizə ləzgi xalqı ilə başlamaq istəyirəm. Azərbaycanda yaşayan etnik xalqlar arasında ləzgilər sayca üstünlük təşkil edir. Bu günə qədər ləzgilərin dəyərlərinin qorunması, tanıdılması istiqamətində hansı işləri görmüsünüz və bu yalnız Qusarlamı məhdudlaşır?

– (Gülür) Baş redaktoru olduğum  “Samur” qəzeti 1992-ci ildən Azərbaycanda nəşr olunur. 24 ildir qəzetə mən rəhbərlik edirəm. Yanvarda, inşallah, qəzetin 30 illiyini qeyd edəcəyik. Bunu ona görə deyirəm ki, fəaliyyətim tək Qusarla kifayətlənə bilməz. Bu, ləzgi qəzetidir. Ləzgi xalqının milli mədəniyyəti, adət-ənənələri, ləzgi dilinin özünəməxsusluqları haqqında informasiyaları, həm də Azərbaycan reallıqlarını dünyaya çatdırırıq. Bizim oxucularımız həm də Dağıstandadır. Qəzetin saytının müxtəlif ölkələrdə kifayət qədər oxucuları var. Həm oxucularımız, həm dinləyicilərimiz, həm də tamaşaçılarımız var. Tamaşaçı ona görə deyirəm ki, “Youtube” kanalımız da var. Yəqin ki, onunla tanışsınız.

– Bəli, müsahibəyə gəlməzdən əvvəl kanala son yüklənən sizin müəllifi olduğunuz “Vətən” mahnısına qulaq asmışam.

– Aha, lap yaxşı.

– Bu sualı ona görə verdim ki, mənim də ana tərəfim ləzgidir. Şəxsi müşahidələrim onu deməyə əsas verir ki, Qəbələdə ləzgilərlə azərbaycanlılar bir-biri ilə çox qaynayıb-qarışıblar. Amma ləzgilərin ana dillərini unutduğunun da şahidi olmuşam. Əksərən də gənclər.

– Mən Qəbələdən çoxlu gənclər, tələbələr tanıyıram. Onlar öz ana dillərində səlis danışırlar. Rayon mərkəzində, onun bir neçə kəndində, o cümlədən Qəmərvanda çox olmuşam. Orada nəinki yaşlılar, hətta balaca uşaqlar da ləzgi dilində sərbəst danışırlar.

Əlbəttə, ana dilini unudanlar hər xalqın arasında var. Onlar, yəqin, unudurlar ki, hər hansı xalqa məxsusluq Allah tərəfindəndir. Hər bir insan dünyaya konkret bir millətin nümayəndəsi kimi gəlir. Biz özümüzü nə qədər başqa xalqın nümayəndəsi kimi göstərməyə çalışsaq da, davranışımız, hərəkətlərimiz, mentalitetimiz, dünyaya baxışımız fərqli olacaq. Çünki Allah bizi belə yaradıb. Deyirsiniz ki, gənclər arasında ana dilini unudanlar var. Mən buna təəssüflənirəm. Çünki hər bir dil insanı daxilən zənginləşdirən və onun dünyagörüşünü formalaşdıran dəyərlərdən ən vacibidir.

Mənim bir şeirimin belə misraları var: Əgər bütün insanlar bir dildə danışsaydı, dünya maraqsız olardı. Əgər hamı tutuquşu kimi bir mahnını ötsəydi, bu dünyanın gözəlliyi itərdi.

– Fərqlilik gözəllikdir…

– Bəli, fərqlilik gözəllikdir. İnanıram ki, öz ana dillərini unudanlar haçansa ona qayıdırlar. İnsan yaşlandıqca öz milli-mənəvi dəyərlərinə qayıtmağa daxili ehtiyac duyur. Cavan vaxtı adam buna o qədər də fikir vermir. Yaşının üstünə yaş gəldikcə, insanlar arasında çox olduqca, başqa mədəniyyətlərlə yaxından tanış olduqca “ÖZ”ünə qayıdış meyli daha güclü olur.

– Siz unikal bir şəxsiyyətsiniz. Bu sizin yaradıcılığınızda, fəaliyyət istiqamətlərinizdə özünü göstərir. Maraqlıdır, jurnalistsiniz, bəstəkarsınız, yazıçısınız – düzdür, mənə hələ nəsib olmayıb hansısa kitabınızı oxumaq…

– Təəssüf. Mən sizə kitablarımdan birini bağışlayaram (gülümsəyir).

– Çox məmnun olaram. Sadaladığım fəaliyyət istiqamətləri arasında siz özünüzü daha çox hansına yaxın görürsünüz?

– Əslində, bu fəaliyyət sahələri arasında kəskin fərqlər yoxdur. Bunlar ədəbiyyatın yaxın janrlarıdır. Ümumiyyətlə, yaradıcılıq sahələrinin hamısı bir-birinə yaxındır. Hər yazıçının içində bir şair, hər şairin içində bir nasir var. Vaxt olur ki, dram yazmaq istəyirsən, vaxt olur ki, roman yazmağa hazır olursan. Hər bir bəstəkarın içində bir şair var, hər bir şairin içində isə bir bəstəkar.

– Hisslərin fərqli yönlərlə ifadəsi…

– Həm də ovqat məsələsi.  Hər bir insan ovqatından asılı olaraq özünü ifadə etməyə, ürəyindəki hiss və duyğuları açıb göstərməyə, danışmağa meyillidir. Elə bir insan tapılmaz ki, qəlbini boşaltmağa ehtiyac duymasın. Şairlərin, yazıçıların bəxti onda gətirib ki, qələmin köməyi ilə ürəklərini boşalda bilirlər. Hər bir insanın içində bir istedad var. İstedadını dilləndirə bilənlər tanınırlar.  Elə bir insan yoxdur ki, istedadsız doğulsun.

– Tanınmaq üçün istedad kifayətdirmi?

– Təkcə istedad kifayət etmir. Zəhmətkeşlik də tələb olunur. Gecə-gündüz çalışasan, qələmə qul olasan gərək. Mənim “Ağ qəm” əsərim var, onu doxsanıncı illərdə qələmə almışam. Orada bir yazıçının taleyindən söhbət gedir. Özü də, həyat yoldaşı da iş yerini itirib. Ehtiyac iki övladı təhsil alan ailəni sıxır. Bir gün vərəqləri, qələmləri də tükənir. Əsl yazıçı faciəsi. Nə etsin? Zirzəmiyə düşəndə orada plakatlar görür. Bunlar ərinin imkanlı tanışı olan bir deputatlığa namizədin seçki kampaniyasından qalmış plakatları idi. Onlar paylanmayıb qalmışdı. Həyatında heç bu qədər sevinməmişdi. Onları kəsib evə gətirir və son qəpiklərini verib bir qələm alır. Ürəyinə qəmli bir sevinc yayılır və başlayır yazmağa. Bir çox jurnalistlərin mətbuatdan uzaqlaşdığı, qələm sahiblərinin öz peşələrini dəyişmək məcburiyyətində qaldığı bir dövrdə bir yazıçı öz qələminə sadiq qalır.

– Qələm demişkən, hələ də qələmlə yazırsınız?

– Hə, mən qələmlə yazıram. Kompüterdə hazır yazılarımı çap edirəm. Qələmlə yazdığımın dadını kompüterdən ala bilmirəm. Vərəqlərin üstündə qələmlə istədiyin kimi at çapmaq olur.

– Əsrlərin mübahisəsi var: Sənət sənət üçündür / Sənət hər kəs üçündür. Bəs sizə görə, sənət kimin üçündür?

– Sənət insanlar üçündür. Adam özündən ötrü sənət yarada bilməz. Şairin ən böyük arzusu onun şeirinin oxunmasıdır. Yazıçı hər zaman kitablarının satılmasının həsrətindədir. Bəstəkar həmişə onun arzusundadır ki, mahnısı daha çox sevgi qazansın. Deməli, sənət insanlar üçündür. Həmişə yaza-yaza fikirləşirsən ki, görəsən, yazdığım kiminsə xoşuna gələcəkmi? Məni də illər boyu üzən əbədi bir sual var: Bəlkə əbəs yerə yazıram?

– Sənət, sizcə, cəmiyyətin hərəkətverici qüvvəsidir?

– Əlbəttə.

– İndiki dövrdə də?

– Bəli, indiki bu çətin dövrdə də. Mənəvi dəyərlərin öz yerini qabalıqlara verdiyi, ətrafımızın etinasızlıq və biganəliklərlə dolduğu bir dövrdə belə. İnsanlarda hər zaman sənətə bir ehtiyac, təşnə var. Hər bir sənət yol göstərəndir. Mən oxucularımdan çoxlu məktublar alıram. Heç bir məktuba bu günədək biganə qalmamışam. Bu məktublar göstərir ki, insanların təsəlliyə, ümidverici, müdrik sözə hər zaman ehtiyacları var.

Yazıçı ən gözlənilməz vaxtda, ən ağır şəraitdə belə yol göstərməyi bacarmalıdır. Nə qədər çətin olsa da, buna çalışmalıdır. Bizim nəslin adamlarının əksəriyyətinin ən böyük dostu kitablar olub. Hər şeyi kitablardan öyrənirdik. Yazıçılar bizim üçün böyük insanlar idilər.

– Sizin özünüzün oxuyub təsəlli tapdığınız kitablar hansılardır bəs?

– Mənim sevdiyim kitablar çoxdur. Hüqonun “Səfillər”i, Voyniçin “Ovod”u, Tolstoyun “Hərb və sülh”ü mənim üçün yol göstərən olub. Desəm ki, “Səfillər”i yeddi dəfə oxumuşam, bəlkə də inanmazsınız. Çingiz Aytmatovu bu gün də dönə-dönə oxuyuram. Onun elə bir əsəri yoxdur ki, onu oxumayam.

– Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində bir cümlə var ki, oxuduğum ilk andan yadımda qalıb: “Heç kim torpaqdan çox yaşamayacaq, heç kim də torpaqdan kənarda qalmayacaq”.

– Onda belə dərin kəlamlar çoxdur.

Mən Müşfiqlə Yesenini çox sevirəm. Azərbaycan və rus dillərində onlardan saatlarla əzbərdən şeir deyə bilərəm.

Mənim illərdən bəri dəyişməyən bir adətim də var: Gündəlik yazıram. Ora sevdiyim şairlərin şeirlərini köçürməyi xoşlayıram. Şeiri öz əlinlə köçürəndə o artıq yaddaşına həkk olunur.

– Müasir şairlərdən kimi oxuyursunuz?

– Ramiz Rövşəni.

– Bəs gənc qələm sahiblərindən?

– Gənclər arasında o qədər istedadlılar var ki. Mən “Samur” qəzetinin redaktoru kimi qəzetin səhifələrində istedadlı gənclərə dönə-dönə yer ayırmışam. Oğuzun Qarabulaq kəndində bir oğlan var: Əfsər Abdullayev. Mən onun şeirlərinə heyranam. İstedadına vurulduğum bir gənc qız da var, Aynel Aydayeva, indi Amerikada yaşayır. Hər ikisinin şeirlərini bir neçə dəfə oxuculara təqdim etmişəm. Əfsər Azərbaycan, Aynel rus dilində yazır. Bu iki gəncin parlaq gələcəyi var.

– Siz “Soyuq günəş” filminin həm ssenari müəllifi, həm bəstəkarı, həm də prodüserisiniz. Filmi ərsəyə gətirəndə hansı hissləri keçirdiniz, istəyiniz nə idi?

– Mən bu əsəri 1998-ci ildə yazmışam. Jurnalist təcrübəmdə o cür sədaqətli, vəfalı Yarqunatlarla çox rastlaşmışam. Amma bu, konkret misal idi. Əsəri göz yaşları ilə qələmə almışam. Əmin idim ki, bu əsəri oxuyan mütləq onu sevəcək. Əsəri yazan kimi “Samur” qəzetinin bir neçə sayında onu dərc etdirdim. Onun birinci hissəsi çıxanda hər gün redaksiyaya zənglər gəlirdi ki, ardı nə zaman çıxacaq. Mənə danışırdılar ki, ləzgilər yaşayan bir çox rayonlarda adamlar nəfəs dərmədən əsəri oxuyur, onu qızğın müzakirə edirlər. Bu marağı görüb 2001-ci ildə pyesi “Soyuq günəş” adı ilə ləzgi dilində kitab halında nəşr etdirdim. Oxuculardan yüzlərlə məktub aldım.

Həmişə arzum olub ki, bu pyesi səhnələşdirim. Onu musiqili dram kimi qələmə almışdım. Təəssüf ki, uzun illər nə şəhər, nə də əyalət teatrları onu yaxın qoymadılar. Dəfələrlə müraciət etsəm də,  hər yerdən “yox” cavabı aldım.

İçimdə həmişə bir arzu olub ki, kaş əsərlə daha çox insan tanış olsun. Ona görə də əsəri Azərbaycan və rus dillərinə tərcümə etdim.

Abdulla Qubalı adlı türkiyəli yazar isə əsəri türkcəyə çevirdi. Kitab “Ləzgiyə” adı ilə 2017-ci ildə Bursada çapdan çıxdı. Onun bu şəhərdə böyük təqdimatı oldu.

Ancaq içimdə yenə də bir yanğı var idi. İstəyirdim, əsərin ekran təcəssümünü görüm. Son yeddi il daim filmin çəkilişi barədə düşünmüşəm. Bu da təbiidir, axı ekran əsərinin təsir dairəsi və gücü daha genişdir. Amma maddi imkanlar imkan vermirdi. Adi qələm sahibinin imkanları nə dərəcədə ola bilər?

Amma xalqımın mədəniyyətini, adət-ənənələrini bir filmdə göstərə bilmək arzum o qədər güclü idi ki, özümdən asılı olmayaraq gələcək filmin çəkilişlərinə zəmin yaradırdım. Obyektlər seçir, lazımi əşyalar toplayırdım. Qohum-əqrəbanın evlərindəki xalça-palaza göz qoyurdum. Film üçün hər şey etməyə hazır idim.

– İzlənmə sayı, statistika göstərir ki, istədiyinizə nail olmusunuz. Filmin musiqisinin özü də insanı uzaqlara aparır. Onu deyim ki, özüm də birinci “Yargunat”a qulaq asıb sonra filmə baxmışam.

– Nə gözəl (gülümsəyir). Mən özüm də o mahnını sevirəm. Tez-tez zümzümə edirəm. 20 il rəhbərlik etdiyim “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının solisti Elvina Heydərova o mahnını bənzərsiz ifa edib.

– Sənətin dili yoxdur da. Sən o ruhda ki olursan, dil heç bir məna kəsb etmir. Artıq hisslər, duyğular danışır.

– Həmin mahnını azərbaycanlılar, türklər, ruslar, iranlılar, almanlar ləzgi dilində sevdilər və məhəbbətlə oxuyurlar…

– Həqiqətən, filmi uğurlu hesab edirəm.

Filmdən gözləntilərim çoxdur. O, bütövlükdə Qafqaz dəyərləri, Qafqaz mentaliteti, əxlaqı haqqındadır. Ona görə də film avropalılar, amerikalılar üçün də maraqlıdır.

– Filmlə bağlı təəssüfləndiyim bəzi məqamlar var. Onlardan birincisi kino tənqidçilərinin “Soyuq Günəş” haqqında heç nə yazmamasıdır.

–  Tənqid, təəssüf ki, ədəbiyyat, kino, teatr sahələrində də bu gün durğunluq dövrünü yaşayır. Götürək ədəbiyyat sahəsini. Ədəbi tənqidin kəskinliyinin azalmasının nəticəsidir ki, indi redaktəsiz, redaktorsuz kitab çap etmək dəbə minib. Bəzi müəlliflər redaktora kitab oxutdurmağı artıq şənlərinə sığışdırmırlar, hər hansı tənqidə də aqressiv reaksiya verirlər. Filmlə bağlı çoxlu təriflərlə yanaşı, tənqidi fikirlər də səslənir. Bu, normal haldır. Eyni əsəri müxtəlif səviyyəli insanlar fərqli qəbul edə bilərlər. Tənqiddən qorxmaq lazım deyil. Hər bir əsərin, filmin qüsurlu cəhətləri olur. Biz onları bilməliyik ki, gələcək proyektlərdə onlardan vaz keçək.

– Xətib Təbrizi hələ o dövrdə yazırdı ki, əsəri şərh etmək onu yazmaqdan daha çətindir.

– Filmlə bağlı yazılan şərhləri diqqətlə oxuyuram. Onların arasında belə bir fikrə də rast gəldim ki, əgər film ağladırsa, deməli o, zəifdir. Əslində, insan ağlamağı bacarmalıdır. Təəssüf ki, biz – müasir insanlar ağlamağı tərgitmişik. Göz yaşları qəlbi saflaşdırır, insanı yüngülləşdirir. Əgər biz ağlatmışıqsa, deməli, incə duyğulara toxunmuşuq.

– (Gülərək) Mən də ağladım.

– Axı filmdə insan taleyindən söhbət gedir. Özgə taleyinə ağlaya bilirsənsə, deməli, həssas, duyğulu ürək sahibisən.

– Filmi reklama qoymusunuz? Çünki belə fikirlər də səsləndirilir ki, baxış sayı reklamdan gəlir.

– Xeyr, reklama qoyulmayıb,  o cür imkanlarımız yoxdur. Buna heç ehtiyac da olmayıb, reklama qoyulan filmə 25 min şərh yazılmaz.

– Kənd sakinlərinin filmdə iştirakı da filmə doğmalıq qatıb.

– Film mənim doğma kəndimdə – Qusar rayonunun Yarqun kəndində çəkilib. Kənd sakinləri bizə ürəkdən kömək ediblər.

– Bəs bundan sonra hansısa əsəriniz varmı ki, “Soyuq Günəş” kimi, “Mən bunu filmə çəkməliyəm”, – deyəsiniz?

– Bu günlərdə “İtən gündəlik” romanım əsasında filmin çəkilişlərini başa çatdırmışıq. Uşaqların həyatından bəhs edən  film ləzgi dilindədir, amma ona azərbaycan dilində subtitrlər əlavə edəcəyik.

– Sədaqət xanım, məncə, söhbətimiz maraqlı oldu. Oxucularımıza arzunuz nədir?

– Hamıya arzu edirəm ki, həyatımızın bu çətin, əziyyətli, pandemiyalı, ağrı-acılarla dolu olan dövrünü səbrlə başa vursunlar və heç vaxt gələcəyə, insanlığa ümidlərini itirməsinlər. Ürəklərində hər zaman sevgi olsun: ailəyə, doğmalarına, kəndinə, şəhərinə, xalqına, Vətəninə sevgi!

Söhbətləşdi: Aqil Bəkir

www.yenicag.az

7955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv