Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən “Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilməsi barədə mətbuatda xəbərlər dərc edilmişdi.
Çıxan xəbərlərdə qeyd edilirdi ki, Şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi götürülərək parkın hazırda xarabalığı xatırladan ərazisinə köçürülüb.
Ərazidə yaşayan sakinlərin şikayətindən sonra söküntü işləri bir neçə gün dayandırılıb. Lakin ötən gündən etibarən bina tikintisinə yenidən start verilib.
Sakinlərin Skrom.Net-ə verdiyi məlumata görə, bir neçə gün öncə mətbuatda dərc edilən xəbərlərdən sonra tikinti işləri dayandırılsa da, ötən gündən etibarən ağır texnikalarla işlər yenidən bərpa edilib.
Xətai rayonu İcra Hakimiyyətindən işlərin dayandırılması ilə bağlı sakinlərə söz verilsə də, görünür verilən söz üstündən bir neçə gün keçdikdən sonra unudulub.
Qeyd edək ki, park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılmışdı.
Park ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan idi. Parkın ətrafında iki məktəb, bir uşaq bağçası yerləşir.
Bundan başqa, ərazidəki meyvə ağacları da quruyub. Sakinlər binaya gedən yolun tikintisi zamanı çoxillik ağacların qırılacağından da narahatdılar.
Sakinlər bildiriblər ki, parkın qara günləri şəhid atasının vəfatından sonra başlayıb.
Məsələ ilə bağlı Xətai rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, telefonlarımıza cavab verən olmadı.
Ümumilikdə isə, ortada olduqca böyük cinayət var və bunun məsuliyyətini rayon icra orqanı və Ekologiya Nazirliyi daşıyır.
Yeniçağ.az
www.yenicag.az