“Ellər Vurğunu, Vurğun ömrü məktublarda” kitabını tərtib edəndə minlərlə arxiv sənədi araşdırdım. Borçalıdan Dərbəndə kimi və keçmiş İttifaq respublikalarında görüşdüyüm yüzlərlə Vurğun dostlarından aldığım qeydlərə bir daha nəzər salıb şairin məktublarını çapa hazırladım.
Düzünü deyim ki, bu işə başlayandan sonra hiss edirdim ki, belə kitabı hazırlamaq ağır və məsuliyyətlidir. Üstəlik də 1942-ci il fevralın 27-də Moskvadan Səməd Vurğunun qardaşı Mehdixana yazdığı məktubdan bir cümləni oxuyanda məsuliyyət hissimi daha da artırdım: “Qardaş, bilirsən ki, məktub yazmaq şer yazmaq qədər asan deyildir”.
Bəli, əvəzsiz Səməd Vurğunumuz məktub yazmağa ötəri cızmaqara kimi baxmamışdır. Onun şer yazmaqdan da çətin olduğu sənətkar ürək genişliyi ilə etiraf etmişdir. Yaxşı ki, Səməd Vurğuna olan intəhasız məhəbbətim məndə olan qorxu hissini öldürdü. Şairə olan ülvi sevgilərlə yorulmadan onun 89 məktubunu və Səməd Vurğuna yazılan 100-dən çox oxucu məktubunu müxtəlif arxivlərdən tapıb ayrıca kitab kimi nəşrə hazırladım. Bu, Azərbaycan ədəbiyyatında ilk sənətkardır ki, məktubları nəfis şəkildə işıq üzü görür. Hamıya məlumdur ki, Vurğun həyatda çox hazırcavab olub. Onun yüksək rütbəli buqələmunlara sərt cavabları indi də el arasında zərb-məsəl kimi danışılır. Bütün bunlar əbədi poeziyası ilə birgə Səməd Vurğuna ölümsüzlük qazandırıb. Ona görə də kitabımın ilk fəsli “Ellər Vurğunu” adlanır. Torpaq qədər sonsuz, ulduzlar qədər çox olan Vurğun ömrünü öyrənməkdən yorulmamışam. Axtarışlarımı yenə də davam etdirirəm. Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində(f. 526, siy. 1 s.v. 124, vərəq 37,39) mərhum professor Əziz Şərifin professor Abbas Zamanova 12 iyun 1966-cı ildə yazdığı məktub saxlanılır.
Əziz oxucu, demokratiya və aşkarlığın işığı ilə həmin məktub əziz Səməd Vurğunumuzun şəxsiyyətinə və yaradıcılığına dəqiqlik gətirdiyi üçün onu sizə təqdim edirəm. Məktub olduğu kimi təqdim olunur. Nə üslubuna, nə də yazılışına toxunulmayıb.
Hörmətlə: Şəmistan Nəzirli
18 fevral 1998-ci il
Vurğun ömrü məktublarda
Abbas Zamanova yazılmış məktubdan:
…İndi keçirəm məktubunda toxunduğun son məsələyə – Səməd Vurğunun yubileyinə. Böyük coşğunluqla xalqın ona olan məhəbbətindən və belə-belə ürəyə yatan şeylərdən yazırsan. Bunlar hamısı lap doğrudur və mən bütün sənin yazdıqlarınla razıyam, bircə nöqtədən başqa – şəxsiyyətə pərəstiş məsələsi sən dediyin qədər də sadə məsələ deyildir və Səmədin “bu qəbildən olan əsərləri” heç də şəffav gölün köpüyünü xatırlatmır. Hər halda Səməd özü belə düşünmürdü. Stalin haqqında hər cürə söyüş-yaman yayılmağa başlayanda da Səməd öz şerlərini köpük hesab etməkdən çox uzaq idi. Əgər zəmanəmizin təlxəyi (N.S.Xruşşov nəzərdə tutulur – Ş.N.) həm də ən vicdansız təlxəyi bütün ömrü boyu pərəstiş etdiyi rəhbəri heçə çıxarmaq və ləkələmək niyyəti ilə, təşəbbüsü ilə Fadeyev kimi pak və böyük insanı intihara məcbur etdisə, Səməd Vurğun kimi pak və böyük insana da sağalmaz azar aşıladı ki, bir gündə həyatı tərk etdi. (A.A.Fadeyev 1956-cı il mayın 27-də axşam saat 8.30-da vəfat etdi (Ş.N.).
Onlar dünənki rəhbərə bu gün şıllaq ata bilmədilər. Yəni özlərinin doğrudan da İnsan olduqlarını sübuta yetirdilər, yaşadıqları böyük və dərin faciəni komediyaya çevirə bilmədilər, çevirmədilər. Onların hissi o qədər müqəddəs və səmimi idi ki, ondan əl çəkə bilmədilər, məhv oldular – təslim olmadılar, sözlərindən dönmədilər.
Məncə, Səmədin Stalinə həsr edilmiş hər bir misrası şerimizin ən qiymətli incisi kimi yaşayacaqdır, çünki bu misralar ürək çırpıntısıyla yazılmışdır, bu misraların hər birində şairin qəlbi çırpınır, nəfəsi duyulur. Qoy bunu anlamayanlar anlamasın, zəmanə öz hökmünü deyəcəkdir. Səməd Vurğun bəziləri kimi ağzı dolu mədhiyyələrdən sonra “Qızılgül olmayaydı” (Xalq şairi Rəsul Rzanın poemasıdır – S.N.) kimi murdar əsər yaza bilməzdi, çünki o, məddah deyildi, şair idi, o nə yazırdısa qəlbindən yazırdı, boğazından yuxarı yazmırdı.
Səmədin bu yubileyində məni son dərəcə məyus edən hadisə bu oldu ki, yubileyin keçirilməsi şairin barışmaz düşməninə tapşırıldı(Səməd Vurğunun 60 illik yubiley komitəsinin sədri Rəsul Rza olmuşdur – S.N.). Məncə bu hal Səmədi təhqir edən haldır.
Səməd ölüm yatağında öz 50 illiyini keçirən zaman bu adam, yəni bugünkü yubiley rəhbəri, nə iclasa gəldi, nə bir sətirlik təbrik yazdı və açıqdan-açığa özünün düşmən olduğunu bildirdi. O zaman Səməd şəxsi teleqramla məni yubileyinə çağırmışdı, mən də MQU (Moskva Dövlət Universiteti – Ş.N.) adından onu təbrik edə bildim. O zaman Simonov öz nitqində müəyyən adamları nəzərdə tutaraq, dedi ki, bu da onun böyüklüyünü isbat edir.
Belə bir vəziyyətdə yubileyi şairin düşməninə tapşırmaq şairə hörmətsizlikdən başqa bir şey deyildir. Sən çap olunan məqalələri oxudunmu? Mərkəzi mətbuatda üç adamın məqaləsi çap olunmuşdu: Ş.Qurbanov (yazıçı-dövlət xadimi Şıxəli Qurbanov – S.N.), Dalmatovski(şair Yevgeni Dolmatovski – S.N.), bir də o. Oxumamısansa oxu, oxumusansa bir də oxu, gör o öz məqaləsində məsələni necə qoyur:”Çox zaman biz Səmədin zəif əsərlərini tərifləmişik, səhvlərinin üstünü örtmüşük, ancaq onun ən qüvvətli əsərlərini də lazımi dərəcədə öyrənməmişik”.
Məqalənin mənası budur! Hələ sən də bundan sonra yubileydən dəm vurursan. Onun yubileyi beləmi keçirilməliydi? Akopyanın yubileyi Çaykovski salonunda, Səmədin yubileyi Yazıçılar klubunda? Bəs insaf, vicdan harda qaldı? Mən yubiley axşamına getmədim. Xavər xanıma salam göndərib üzr istədim, mən gedə bilməzdim. Bu saat, bu sətirləri yazarkən bütün bədənim titrəyir, mən yubiley axşamına getsəydim qəlbim tab gətirərdimi?
Sonradan yubiley axşamı haqqında məlumat aldım: sönük nitqlər, mənasız, mündərəcəsiz çıxışlar. Bir sözlə, rəsmiyyət. Səmədin yubileyi beləmi keçirilməli idi? Bircə şeydən təsəlli tapmaq olur ki, bunların hamısına baxmayaraq, xalq doğrudan da Səmədi sevir və onu öz şairi hesab edir. Səməd Ali Sovetin fərmanı ilə yox, xalqın öz qərarı ilə xalq şairidir. Fərmanla “Xalq” şairi alanlar isə tez unudulacaq.
Xülasə öpürəm səni, qardaşın Əziz Şərif
Peredilkino,
12.06.1966-cı il
“Yeni Nəfəs” qəzeti
28 aprel-15 may 2007-ci il
www.yenicag.az