Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Seminarlarda dövlətin müasir media haqda vizionu izah edilir”

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda seminarlar keçirilir.

Yenicag.az xəbər verir ki, media rəhbərləri və menecerləri üçün nəzərdə tutulan seminarlar həm onlayn, həm çap, həm də audiovizual medianı əhatə edir. İkinci həftədir keçirilən seminarlar fərqli formatına görə artıq mətbuat nümayəndələrinin marağına və müzakirələrə səbəb olub. Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Qafqazinfo”ya bildirib ki, seminarlarda biliklərin mübadiləsi ilə yanaşı, Azərbaycan media menecerləri müasir tendensiyaların iştirakçısı və yaradıcı olan adamlarla ünsiyyətdə olurlar:

“Seminarların məqsədi media islahatları, onun konseptual tərəfləri ilə bağlı jurnalistləri, xüsusən də media rəhbərlərini məlumatlandırmaqdır. Eyni zamanda həm onlayn, həm çap, həm də audiovizual media subyektlərində davam edən beynəlxalq tendensiya, müasir çağırışlar, trendlərlə bağlı məlumat verməkdən ibarətdir. Seminarlarda ən azı konturlar müəyyən edilir ki, Azərbaycan dövləti öz mediasını necə görmək istəyir və media da öz işini bu yönümdə qurmalıdır. Həmçinin burada islahatların məzmunu ilə bağlı məlumat verilir. Bir növ, Azərbaycan dövlətinin müasir media haqqında vizionu izah edilir. Seminarlarda “Media haqqında” qanunla bağlı kifayət qədər ciddi müzakirələr həyata keçirilib. Seminarların sonunda başa çatdırmış şəxslərə sertifikatlar təqdim olunacaq”.

N. Məmmədli bildirib ki, birinci həftədə “Media haqqında” qanun layihəsi müzakirə olunub. Agentliyin icraçı direktoru Əhməd İsmayılovun təqdimatında qanunun bütün aspektləri izah edilib və media rəhbərlərinin sualları cavablandırılıb: “Bu seminar platformasından istifadə edilərək media haqqında qanunun media camiəsində ictimai müzakirələrinin əsası qoyulub. Bundan sonra “ADA” Universiteti ekspertlərinin iştirakı ilə müasir çağırışlar və medianın qarşısında duran vəzifələrlə bağlı təlimlər keçirilib. Hazırda seminarların ikinci həftəsini başlamışıq. “Əl Cəzirə”dən dəvət edilmiş beynəlxalq ekspertlərin mühazirələri dinləniləcək”.

N. Məmmədli qeyd edib ki, seminarda iştirak edən auditoriya kifayət qədər səviyyəli və təcrübəli şəxslərdən ibarətdir. Bu seminarlar bir nəfərin çıxışını dinləmək formatında deyil, qarşılıqlı biliklərin mübadiləsi formasında həyata keçirilir: “Azərbaycanın media menecerləri müzakirələrdə kifayət qədər fəal iştirak edirlər. Xarici ekspertlər özləri də bu təlimlərdən Azərbaycan təcrübəsi timsalında çox şey öyrəndiklərini qeyd edirlər. Növbəti həftə “Haber Global”dan ekspertlərimiz gələcək və daha çox veb-jurnalistika istiqamətində fikir mübadiləsi aparılacaq. Media gender məsələlərindən tutmuş jurnalistin peşə davranış qaydaları, hazırda jurnalistika üçün təhdidlər, müasir çağırışlar və bütün aspektəlr əhatə olunur”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, informasiya texnologiyaları inkişaf edir, medianın forması, strukturu dəyişir, amma jurnalist işinin mahiyyəti dəyişmir. Bu mənada bu ətrafda müzakirələrinin aparılması lazımlı və vacibdir: “Bu seminarlar keçiriləndə mən özüm bir az skeptik yanaşdım. Amma mənim demək olar ki, seminarda iştirakımın ilk günündə bu şübhələr yox oldu. Seminarın ilk günü hər 3 qrupda media qanunu müzakirəsilə bağlı Əhməd İsmayılovun çıxışı dinlənilib və onun ətrafında polemikalar olub. Sonra isə ötən həftə “ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın jurnalistikanın problemləri ilə bağlı müzakirələrini dinlədik. Bunlar çox maraqlı və zəngin məlumatlarla dolu müzakirələr idi və mən elə onda qərar verdim ki, növbəti seminarlarda da mütləq iştirak edim. Dünən və bu gün “Əl Cəzirə”dən Rəsul Sərdar Ataşla müzakirələr etdik, xəbər şöbəsinin səmərəli idarəetməsi, gündəmi necə qurmaq məsələlərilə bağlı müzakirələr çox maraqlı oldu və özümə yaxın bir sıra məqamlar hiss elədim. Mənim şübhəli baxdığım bu seminarlar mənim üçün sürpriz oldu”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev seminarların təşkilini çox yüksək qiymətləndirib: “Mənim xüsusi diqqətimi cəlb edən media haqqında yeni qanun layihəsinin açıq müzakirəsidir. Agentliyin icraçı direktoru Əhməd İsmayılov bir daha nümayiş etdirdi ki, bütün təkliflərə adekvat yanaşırlar və hər bir səsləndirilən təklifin üzərində xeyli müzakirələr aparılır. Güman edirəm ki, bu müzakirələrdən sonra biz təkmil qanun layihəsinə sahib olacağıq. Eyni zamanda, orada səsləndirilən fikirlər yanaşmalar hər birimiz üçün maraqlı oldu. Hər birimizin bildiyimiz həqiqətləri yenidən saf-çürük etməli olduq. Düşünürəm ki, bu kimi tədbirlər ümumilikdə mediamızın inkişafında öz rolunu oynayacaq. Gələcək perspektivdə jurnalistlər üçün ayrıca, redaktorlar üçün ayrıca keçirilməsi məqsədəuyğun olardı”.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici mütəxəssislər öz təcrübələrini bölüşəcəklər.

www.yenicag.az

176
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100