SEPAH-ın nəzarətindəki yeni İran: Fraksiyalararası müharibə hara gedir?
“İranı hazırda SEPAH daxili bir qrup idarə edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq qeyd edib ki, yaralanan İranın ali dini rəhbəri hazırda ölkəni idarə edəcək vəziyyətdə deyil:
“Müctəba Xamneyi böyük ehtimalla yaralanıb və uzun müddət vəziyyəti ağır olub. Mövcud durumda onun səhhəti yaxşı deyil, hərəkət funksiyaları arzuolunan səviyyədə deyil və o, ictimaiyyət qarşısına çıxacaq durumda deyil. Açıqlamaları yayılsa da, hələ ki konkret canlı görüntüsü yoxdur. Əli Xamneyinin həyatını itirməsindən sonra İranda ciddi bir güc mübarizəsi başlayıb. Bu mübarizə həm də müxtəlif fraksiyalar və qruplar arasında gedir.
Müctəba Xamneyinin hakimiyyətə gəlişi, mənə görə, doğru deyil. Ali lider olmaq üçün bir çox namizəd var idi. Keçmiş dini rəhbər Ruhullah Xomeyninin, eləcə də Əli Xamneyinin özünün digər oğulları və nəvələri var ki, onlar təbii yolla “təqlidi-mərce” statusundadırlar. Müctəba Xamneyi isə bu statusda deyil; o, təcili şəkildə status verilmiş şəxsdir”.
Politoloq vurğulayıb ki, İranda proseslər tamamilə SEPAH-ın nəzarətindədir:
“Hazırda İranı SEPAH daxilindəki bir qrup idarə edir. Digər qruplar isə yeni rəhbərdən razı deyillər. Xamneyi ictimaiyyət qarşısına çıxa bilmədiyi üçün bu tipli məlumatları hələ də gizlədirlər”.
Nurlan Cəfəri













