SEPAH təhdid edir, Tramp şərt qoyur: "İran ətrafında halqa daralır”
“İranın ətrafındakı halqalar hər gün daralır”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloq ABŞ Prezidenti Donald Trampın yürütdüyü ikili siyasətə və verdiyi ziddiyyətli bəyanatlara aydınlıq gətirib:
“Fevralın 28-də başlayan müharibə hələ də davam edir. Hərbi əməliyyatlar dayansa da, tərəflər arasında qarşılıqlı təhdidlər səngimir; hazırda aktiv informasiya müharibəsi gedir. İranda müəyyən dairələr var ki, siyasi rəhbərliyin apardığı danışıqlarla razılaşmırlar. Məsələn, SEPAH hələ də sionist rejimi məhv edəcəyini bəyan edir, lakin konkret hansı addımları atacaqları qeyri-müəyyəndir.
Tramp son bəyanatında Pakistan rəhbərliyinin çoxsaylı xahişlərini nəzərə alaraq atəşkəsi davam etdirdiklərini bildirdi. Lakin Ağ Evin əsas şərti İranın nüvə proqramını dayandırması və zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır. Vaşinqtonun danışıqlarda əsas hədəfi budur. İran isə fərqli mövqedən çıxış edir: onlar tələb edirlər ki, əvvəlcə ABŞ və İsrail İrana hücum etməyəcəklərinə dair təminat versinlər, yalnız bundan sonra nüvə proqramı müzakirə oluna bilər”.
Ekspert qeyd edib ki, yaranmış gərginlik fonunda daxili siyasi amillər də mühüm rol oynayır:
“Vəziyyət olduqca mürəkkəbdir. Trampın da özünəməxsus çətinlikləri var; noyabrda keçiriləcək seçkilərdə mümkün məğlubiyyət partiyasına böyük zərbə vura bilər. Bu səbəbdən o, daxili auditoriyanın rəyini nəzərə alaraq strateji informasiyalar paylaşır. Görünən odur ki, hələlik konkret nəticə əldə olunmayıb. İran ətrafındakı halqa daralmaqda davam edir. ABŞ-ın Hörmüz boğazındakı mühasirəni hələ də saxlaması İranın daxili iqtisadi və sosial vəziyyətini günü-gündən ağırlaşdırır. Hesab edirəm ki, ən optimal çıxış yolu real danışıqlara getmək və kompromis variantlara razı olmaqdır. Böyük ehtimalla, yaxın günlərdə bu istiqamətdə müəyyən addımların şahidi olacağıq”.
Nurlan Cəfəri













