“Serbiya hökuməti Azərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır”.
Yeniçağ.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Serbiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Nazirlikdən bildirilib ki, 2011-ci il yanvarın 1-dən etibarən Serbiya hökuməti xidməti və diplomatik pasportları olan Azərbaycan vətəndaşlarından viza tələb etmir: “Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq”.
Açıqlamada iki ölkənin Daxili İşlər nazirlikləri arasında 2010-cu ildə imzalanan, cinayətkarlığa qarşı mübarizəyə dair sazişə əsaslanan ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb: “Bunları nəzərə alaraq informasiya mübadiləsi zamanı əsas məqamların müəyyənləşdirilməsi konkret əməkdaşlıq modelinin ilk addımıdır. Bu, iki qurum arasında xüsusilə terrorçuluğa qarşı mübarizədə birbaşa və effektiv ünsiyyəti və əlaqəni mümkün edəcək“.
Yeniçağ.Az
www.yenicag.az