“Şərəf” ordenli Vahid Əzizdən Prezidentə TƏŞƏKKÜR MƏKTUBU
Xalq şairi Vahid Əziz “Şərəf” ordeninə layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, o, məktubda ürək sözlərini ifadə edib:
“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Zati-alinizə ünvanladığım bu məktubun səbəbi sərəncamınızla məni Vətənin ən ali mükafatlarından biri olan “Şərəf” ordeni ilə təltif etməyinizdir.
Hər bir azərbaycanlı üçün ölkə Prezidentinin sərəncamı ilə mükafata layiq görülmək qürurvericidir. Zati-alinizin imzası ilə təltif olunmaq çox sevinclidir, çünki itirilmiş torpaqlarımızın geri qaytarılmasını, param-parça olmuş Vətənimizin bütövləşməsini təmin edən ilk Ali Baş Komandansınız.
Mən, həqiqətən, çox xoşbəxt və səadətin bütün çalarlarının işığını görmüş bir Azərbaycan vətəndaşıyam. Eyni zamanda, Zati-alinizin 24 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycanın “Xalq şairi” fəxri adına layiq görülmüş, Ərmən Dağlarına məxsus Dərələyəz mahalında təvəllüd tapmış ilk qələm sahibiyəm!”
Xalq şairi saysız-hesabsız Qərbi Azərbaycan əsilli insanların adından da prezidentə sevgi və sayğısını ifadə edib:
“Zati-alinizin həmin o mübarək sərəncamından sonra minlərlə həmvətənlərim mənə bildirdilər ki, bu yüksək fəxri adı onların hər biri özlərinə verilmiş mükafat kimi qəbul edirlər. Saysız-hesabsız Qərbi Azərbaycan əsilli insanlarımız “Şərəf” ordeni ilə təltif olunmağımla bağlı həmin sözləri yenidən, Sizə dərin minnətdarlıqla ifadə edirlər.
Həmyerlilərimdə oyanan bu qürurlu coşquya həm də Sizin dərin, uzaqgörən düşüncə və iradə ilə Qərbi Azərbaycana qayıdış strategiyanız səbəb olmuşdur. Möhtərəm Prezidentimiz, Sizi bütün xalqımız sevir! Bu sevginin başlıca səbəbləri Zati-alinizin sadəliyi, alicənablığı, insanpərvərliyidir. Xalqımız Sizə inanır. Məhz Siz bu inama söykənərək millətimizi, torpağımızı, əsrlər boyu sıxıntılarda yaşamış xalqımızı xilas etdiniz. “Dəmir yumruğ”unuz, şəxsiyyətinizə güvənən Azərbaycan Ordusunun igidləri bir qərinə müddətdə düşmən tapdağında qalmış torpaqlarımızı əbədi olaraq azad etdi. Döyüşən əsgərlərimizin, əbədiyaşar şəhidlərimizin böyük əksəriyyəti, məhz bu illərdə boya-başa çatmış gənclərimiz idi. Siz haqlı olaraq qeyd etmisiniz ki, onlar Zati-alinizin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetkinləşən vətənpərvərlər idi”.
O, həyatını, ömrünü Vətənə, dövlətçiliyə həsr etdiyindən qürur hissi keçirdiyini vurğulayıb:
“Sizi insanlarımız sadəliyinizə görə sevirlər. Siz heç vaxt Sizə müraciət edən vətəndaşın sözünü yarıda kəsməmisiniz, əksinə, vətəndaşla dialoqa girib, ona ürəyini boşaltmaq üçün şərait yaratmısınız.
Zati-aliləri, mən ömrümün səksən ilinin yarım əsrə bərabər bir dövrünü dövlətimə və xalqıma xidmət etməkdə keçirmişəm. Taleyim elə gətirib ki, ciddi əmək fəaliyyətimə, məhz Ulu Öndərimizin Azərbaycanın rəhbəri olduğu bir dövrdə başlamışam və bilavasitə onun təyinatı ilə yüksək vəzifələrdə çalışmışam. Davranışımda, əxlaqımda, vətənpərvərliyimdə, şəxsiyyətimdə hansı müsbət keyfiyyətlər varsa, böyük Heydər Əliyevin məktəbində aldığım təlimlərdən yaranıb”.
Şəxsimə olan yüksək diqqət və sayğı üçün Zati-alinizə dərin minnətdarlıq hissi ilə: Vahid Əziz, Xalq şairi”
Cəvahir












