!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd müzakirələrində əsas PRİNSİP: “Bu maneələr aradan qalxarsa, sülh sazişi imzalanar”

!Reklam – Yazi

 

“Ötən həftə, avqustun 30-da Azərbaycanın sərhəd delimitasiya və demarkasiya komissiyası ilə Ermənistanın müvafiq komissiyası arasında əsasnamə imzalanıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi ötən həftə Azərbaycan və Ermənistana arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə əlaqədar müvafiq komissiyaların imzaladığı əsasnamədən söz açıb. Onun sözlərinə görə, bu əsasnamənin imzalanması müsbət addım kimi dəyərləndirilməlidir və bu, delimitasiya və demarkasiya prosesinin sürətlənməsində baza rolunda çıxış edə bilər: “Sadəcə, burada əsas məsələ Ermənistanın imzaladığı əsasnaməni yerinə yetirməsidir. Bilirik ki, Ermənistan heç də həmişə imzaladığı sənədlərə riayət etmir. Bunun bariz nümunəsi olaraq 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı göstərə bilərik.

Sözügedən bəyanatın 9-cu maddəsi – Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaların açılması maddəsi hələ də yerinə yetirilməyib”. S. Zahidova görə, əsasnamənin imzalanması, ilk növbədə, ondan irəli gəlir ki, Azərbaycan prosesi daimi şəkildə sürətləndirməyə çağıran tərəf olub: “Ölkəmiz həm delimitasiya, həm də sülh prosesinin qısa zamanda bitməsini istəyir. Digər tərəfdən, burada Rusiya prezidenti Vladimir Putinin ötən ay Bakıya səfəri və bu səfər zamanı regional məsələlərə toxunması və daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla danışacağını bildirməsi əsas faktor kimi nəzərdən keçirilməlidir.

Putinlə Paşinyan arasındakı telefon danışığından sonra Rusiya lideri ölkə başçısı İlham Əliyevə də zəng edib”. Onun fikrincə, bu məsələdə Rusiyanın təzyiqləri müəyyən mənada rol oynadı ki, bunun nəticəsində də biz Ermənistan tərəfindən delimitasiya-demarkasiya işlərinin yekunlaşdırılması yönündə hər hansı addımların şahidi olduq: “Əsas məsələ isə odur ki, adıçəkilən proses davamlı şəkildə olsun və bu məsələ yenə də Ermənistanın sağa-sola baxması, xarici himayədarlarından imdad diləməsi və onların göstərişlərini yerinə yetirməsi nəticəsində uzanmasın. İndi bu əsasnamə imkan verəcək ki, birgə işçi qrupunun fəaliyyəti daha sürətlənsin, tez-tez görüşlər həyata keçirilsin və delimitasiya-demarkasiya prosesinin qalan hissəsi (sərhədin cəmi 12 km-i delimitasiya olunub – S.Z) qısa zamanda həyata keçirilsin.

Eyni zamanda da sülh sazişinin imzalanması yönündə addımlat atılsın”. Politoloqun qənaətinə görə, burada əsas prinsip ondan ibarətdir ki, tərəflər arasında hansısa kiçik də olsa razılaşmalara imza atılsın ki, bu razılaşmalar gələcək fundamental sənədlərin imzalanması üçün mühüm rolda çıxış etsinlər: “Sadəcə, burada bir neçə maneə var və bunlardan ən başlıcası Ermənistanın xaricdən imdad diləməsi, müstəqil siyasi iradə nümayiş etdirməməsi, intensiv şəkildə bu ölkənin silahlandırılması və Ermənistanın konstitusiyası ilə yanaşı, digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır.

Əgər bu maneələr aradan qalxarsa, nəinki Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanar, ümumiyyətlə, Cənubi Qafqazda dayanıqlı və davamlı təhlükəsizlik mühiti təmin oluna bilər”.

 

Rafi Müslümov

COP29

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv