Deputat: Fransa Ermənistanla bağlı bu reallığı qəbul etməyə MƏCBURDUR...
“Fransa da bu reallığı qəbul etməyə məcburdur. Əvvəlki kimi Ermənistanı revanşist fikirlərlə yönləndirmək və ya köhnə qaydada ona dəstək vermək mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 29-30-da Fransaya işgüzar səfəri və Prezident Emmanuel Makronla görüşünün mümkün nəticələri barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və qətiyyəti sayəsində ölkəmiz öz suveren ərazilərini işğaldan azad edərək regionda yeni reallıqlar formalaşdırıb:
“Bu reallığı artıq bütün dünya dövlətləri qəbul etməyə məcburdur. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq hüquqa söykənən haqq-ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında yeni iqtisadi layihələr təqdim edir. Eyni zamanda enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirir.
ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunması ilə bağlı, həmçinin Zəngəzur dəhlizinin reallaşması istiqamətdə təşəbbüsləri müsbət nəticələrini verməkdədir. Ona görə də artıq Fransa da bu reallığı qəbul etməyə məcburdur. Əvvəlki kimi Ermənistanı revanşist fikirlərlə yönləndirmək və ya köhnə qaydada ona dəstək vermək mümkün deyil”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












