“Son Delimitasiya Komissiyasının 11-ci iclasından sonra yayılan bəyanat Ermənistan daxilində müxalifətin aktivləşməsinə səbəb olub. Paşinyan hakimiyyətinin anklav kəndlərinin geri qaytarılmasına razılıq verməsi və Zəngəzur dəhlizi ilə bağlı aktivliyin müşahidə olunması fonunda müxalifət yeni eskalasiya ehtimallarını gündəmə gətirərək ölkə daxilində davamlı təbliğat aparır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Analitik Ermənistan Xarici Kəşfiyyat Xidməti tərəfindən yayımlanan hesabatı və İrəvanın sərhədyanı ərazilərdə həyata keçirdiyi prosesləri şərh edib.
Qeyd edək ki, sözügedən hesabatda 2025-ci ildə Azərbaycanla genişmiqyaslı müharibə ehtimalının olmayacağı bildirilib.
R. Bayramovun fikrincə, sərhəd istiqamətində Ermənistanın qoşun yığması iddialarını əsas götürən Böyük Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Qarabağa, ətraf bölgələrə və Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsindən beş kilometrlik əraziyə səyahət etməməyi tövsiyə edib:
“Bu vəziyyət Ermənistanda yeni hərbi əməliyyatların başlaya biləcəyi ehtimallarını gücləndirib. Bunun fonunda Ermənistanın kəşfiyyat qurumu insanları sakitləşdirmək məqsədilə bu ehtimalların əsassız olduğunu vurğulayan hesabat yayıb. Bununla belə, qeyd etmək lazımdır ki, iki ölkə arasında sülh sazişi imzalanmadığı müddətdə hərbi əməliyyatların yenidən başlama ehtimalı həmişə yüksək olaraq qalacaq. Xüsusilə Ermənistanın müxtəlif xarici dairələrin sifarişlərini icra etməsi bu ehtimalları artırır”.
Həmsöhbətimiz vurğulayıb ki, əgər regionda maraqlı güclər yeni münaqişə istəsələr, Ermənistan çox rahat şəkildə təxribatlara əl ata bilər:
“Bu isə Azərbaycanın cavab tədbirləri görməsi ilə nəticələnəcək və nəticədə yeni hərbi əməliyyatlar baş verə bilər. Ermənistan kəşfiyyat qurumunun hesabatı daxili auditoriyanı sakitləşdirmək cəhdi kimi görünsə də, reallıqda vəziyyət tam fərqli ola bilər. Çünki, əgər Ermənistan sülh sazişi imzalamaqdan yayınırsa, atəşkəs rejiminin şərtlərini yerinə yetirmirsə eləcə də yalnız kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müzakirə ilə məhdudlaşdırırsa, o zaman bölgədə sabitlikdən danışmaq mümkün deyil. Bu gərginlik fonunda hadisələr heç də Ermənistan Xarici Kəşfiyyatının hesabatında göstərildiyi kimi olmaya bilər”.
Rafi Müslümov