“Hələ XIX əsrdə Avropada bir ifadə işlədilirdi: “Şərq incə məsələdir”. Yaxın Şərq isə özü də kifayət qədər qarışıq bir coğrafiyadır. Bu, həm etnik quruluşu, həm də dini təriqətlər baxımından çox mozaik bir bölgə olması ilə bağlıdır. Buna görə də bu ərazi hər zaman dünyanın diqqət mərkəzində olub”.
Bunu Yenicag.az-a müsahibəsində politoloq Oktay Qasımov deyib.
Həmsöhbətimiz Yaxın Şərqdə, xüsusilə Suriyada baş verən son hadisələrə, bu bölgənin geosiyasi əhəmiyyəti və böyük güclərin (Türkiyə, Rusiya, İran, ABŞ, İsrail) bölgədəki maraqlarına, eləcə də etnik-dini mozaiklik, Suriyadakı rejim dəyişikliyi, Türkiyənin rolu, Rusiyanın hərbi bazaları, İranın yatırımları və İsrailin təhlükəsizlik siyasəti kimi məqamlara toxunub.
Həmin müsahibəni təqdim edirik:
– Yaxın Şərqi qlobal diqqət mərkəzində saxlayan əsas xüsusiyyətlər hansılardır?
– Yaxın Şərq coğrafi baxımdan dünyanın mərkəzi nöqtəsində yerləşən bir bölgədir. Şübhəsiz ki, Yaxın Şərq məsələlərinin son illərdəki ən mühüm hadisələrindən biri Suriyada baş verənlərdir. Suriyadakı proseslər ciddi xarakter daşıyır, çünki bu bölgədə dünyanın böyük güclərinin maraqları toqquşur. Burada ilk olaraq Amerikanın, sonra Rusiyanın, İranın və təbii ki, İsrailin maraqları var. İsrail dedikdə, böyük mənada Amerika da nəzərdə tutulur. Eyni zamanda, Türkiyənin də maraqları mövcuddur və bu, təbii bir maraqdır. Çünki Türkiyə ilə Suriya arasında 907 kilometrlik dövlət sərhədi var. Türkiyədə yaşayan çoxsaylı insanların Suriya ərazisində qohum-əqrəbaları var. Bu, həm qohumluq, həm də milli və dini bağlılıqlarla bağlıdır. Buna görə Türkiyənin Suriya məsələlərinə münasibəti aydındır.
– Türkiyənin Suriya məsələsindəki maraqları və rolu necə dəyərləndirilə bilər?
– Rejim dəyişikliyindən sonra başlayan proseslər isə Türkiyənin bölgədəki rolunu ciddi şəkildə artırıb. Suriyadakı yeni hakimiyyət nümayəndələri ilə Türkiyə dövləti arasında kifayət qədər yaxın münasibətlər qurulub ki, bu da çox vacib bir məsələdir. Son dövrlərdə bölgədə nüfuzunu itirmiş və mövqeyi zəifləmiş dövlətlər orada revanş almaq istəyirlər ki, bu, heç də gizli deyil. Rusiyanın Bəşər Əsədə sığınacaq verməsi və onu yanında saxlaması təsadüfi deyil. Rusiya, eyni zamanda, yeni hakimiyyətlə danışıqlar apararaq öz maraqlarını təmin etməyə çalışır. Rusiyanın əsas məqsədi Suriyadakı iki hərbi bazasının varlığını davam etdirmək və bunun üçün şərait yaratmaqdır. Bu məsələdə müzakirələr davam edir. Rusiya üçün Suriya strateji əhəmiyyətə malikdir, çünki bu ölkədəki mövcudluğu Rusiyanın Şimali Afrika və ümumilikdə Afrikadakı varlığı üçün həyati önəm daşıyır. 50 ildən artıqdır ki, Rusiya Suriya ilə sıx əlaqələr saxlayır və 2015-ci ildə Suriyaya yenidən daxil olaraq Əsəd rejimini qoruyan əsas qüvvəyə çevrilmişdi. Buna görə də Rusiya hərbi bazalarının qalmasında israrlıdır, lakin yeni hakimiyyətlə aparılan danışıqların hələ məntiqi bir nəticəyə çatdığı söylənə bilməz.
– İranın Suriya siyasətindəki əsas məqsədləri nələrdir və Əsədin devrilməsi Tehrana necə təsir etdi?
– İranın mövqeyinə gəldikdə, son 30 ildə İran Suriya rejimini dəstəkləmək və orada özünə yaxın qüvvələri formalaşdırmaq üçün milyardlarla dollar xərcləyib – bəzi iddialara görə, bu rəqəm 100 milyarda yaxındır. Bu vəsaitlər təkcə Suriyaya deyil, Livandakı “Hizbullah”, Yəməndəki husilər və digər qruplara da sərf olunub. Bəşər Əsəd rejimi İranın Yaxın və Orta Şərqdəki əsas dayaqlarından biri idi. Əsədin devrilməsi İran tərəfindən məmnunluqla qarşılanmayıb. 2024-cü ildə İranın Yaxın Şərq siyasətinin ciddi zərbələr aldığı və nüfuzunun zəiflədiyi də nəzərə alınmalıdır. Dekabrda Suriyada dəyişikliklərdən sonra İranın dini lideri Ayətullah Seyid Əli Xamenei suriyalı gəncləri yeni rejimlə barışmamağa və mübarizəyə çağırıb. Son dövrlərdə ələvi qruplaşmaların fəallaşması da İranın əl altından rejim qalıqlarını və tərəfdarlarını hərəkətə gətirmək cəhdləri ilə bağlıdır, lakin bu addımların qarşısı ciddi şəkildə alınıb.
– Bir çox analitiklər Suriya məsələsində Təl-Əviv və Tehranın maraqlarının üst-üstə düşdüyünü də iddia edirlər…
– Bəli, çünki burada maraqlı bir məqam da odur ki, bir-birinə ən qatı düşmən olan İsrail və İran Suriya məsələsində oxşar mövqedə dayanırlar. İsrail Suriyada mərkəzləşmiş güclü bir dövlətin mövcudluğunda maraqlı deyil. Ən yaxşı halda, İsrail Suriyanın federativ quruluşa bölünməsini və zəif bir vəziyyətdə qalmasını istəyir ki, bu, onun təhlükəsizliyinə təhdid yaratmasın. İsrail dövləti qurulduqdan sonra ilk müharibələrdən biri Suriya ilə olduğuna görə, İsrail güclü və ona düşmən olan bir Suriya dövlətinin mövcudluğunu istəmir. Buna görə də İranı dəstəkləyir, eyni zamanda, Dəməşqdən 18 kilometr məsafədəki əraziləri işğal edib. İsrail həmçinin Suriyanın şimal-şərqində, PKK-nın nəzarətində olan ərazilərə “Davud koridoru” adlanan bir keçid açmaq istəyir.
– Son olaraq YPG/SDQ ilə yeni hakimiyyət arasında imzalanan anlaşma niyə mübahisəlidir və Türkiyənin buna reaksiyası yaxın perspektivdə necə olacaq?
– Son iki gündə baş verənlərə gəlincə, Amerika, İsrail və İran kimi bir-birinə düşmən olan tərəflərin maraqlarının bir nöqtədə kəsişməsi diqqət çəkir. Suriya Demokratik Qüvvələri (SDQ) – əslində, YPG/PYD – terror təşkilatı olaraq qalır. Bu təşkilatın lideri Mazlum Abdi Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışdadır, lakin o, ABŞ tərəfindən Ağ Evdə qəbul edilib və hətta Donald Tramp tərəfindən “general” adlandırılıb. Suriyanın yeni rəhbərliyi ilə SDQ arasında anlaşma imzalanması gözlənilməz olsa da, bu prosesdən əvvəl Mazlum Abdinin ABŞ Mərkəzi Komandanlığı ilə görüşü diqqətdən kənarda qalmamalıdır. Bu, Amerikanın təzyiqi ilə bağlıdır. Türkiyə isə bu anlaşmanın hərfi şəkildə icra olunmasını tələb edir, çünki 2018-ci ildə Əsəd rejimi ilə PKK arasında oxşar bir anlaşma imzalansa da, ona əməl edilməyib. SDQ-nin sözçüsünün “Jerusalem Post” qəzetinə verdiyi müsahibədən aydın olur ki, Dəməşq həmin ərazilərə qubernator təyin etsə də, onların səlahiyyətləri məhdud olacaq, strateji obyektlər – su anbarları, neft və qaz quyuları, hava limanları – yenə də YPG-nın nəzarətində qalacaq. Bu isə qəbuledilməzdir və ciddi risklər yaradır.
Rafi Müslümov