“Əgər Ukrayna uzaqmənzilli raketlərlə Rusiyanın daxilinə zərbələr endirərsə, bu, eskalasiyanın genişlənməsi ilə nəticələnəcək. Daha doğrusu, proses artıq Şərqi Avropa və Ukraynaya silah təchizatının həyata keçirildiyi əsas istiqamət olan Polşanı da əhatə edə bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Siyasi təhlilçi Ukraynanın Rusiyanı uzaqmənzilli raketlərlə vurması məsələsində ABŞ-nin icazəsi məsələsinə toxunub.
Onun sözlərinə görə, şübhəsiz ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı Rusiya ərazisinə atılan raketlər, adətən, qısamənzilli raketlər olub:
“Lakin uzaqmənzilli raketlərin istifadəsi və Rusiyanın ayrı-ayrı bölgələrindəki hərbi obyektlərin vurulması istiqamətində atılan addımlar, nəticə etibarilə, Rusiyanın da uzaqmənzilli raketlərdən istifadəsinə gətirib çıxaracaq. Bu da ilk növbədə, böyük dağıntıların baş verəcəyi deməkdir.
Düşünürəm ki, sözügedən proses, sadəcə, hərbi əməliyyatların getdiyi ərazini əhatə etməyəcəyini düşünürəm. Mahiyyət etibarilə, quru əməlliyyatları, ola bilsin ki, artıq arxa plana keçsin və biz daha kəskin addımların və dağıdıcı silahların istifadə olunmasının şahidi ola bilərik”.
E. Mirzəbəylinin fikrincə, Bayden administrasiyası prosesləri açıq qarşıdurma və nüvə müharibəsinə gətirib çıxaracaq addımın atılmasına yol verməz:
“Ola bilsin ki, proses, çox güman ki, ABŞ-dək seçki kampaniyası ilə bağlı olsun. Son debatda Harrisin açıq üstünlüklə Trampa məğlub olması, nəticə etibarilə, ABŞ-nin məhz Ukrayna müstəvisində daha qabarıq siyasət yürütməyə və prosesi PR kampaniyasında istifadə etməyə gətirib çıxara bilər. Lakin belə bir addımın atılması Üçüncü Dünya müharibəsinə yol açan bir addım kimi qiymətləndirilməlidir, çünki proses Rusiya-Ukrayna müharibəsi müstəvisindən kənara çıxacaq”.
Xatırladaq ki, ABŞ-nin dövlət katibi Entoni Blinken dünən Kiyevə səfər edib. Amerikalı rəsmi Ukraynanın ATACAMS raketləri ilə Rusiyanın daxilinə zərbələr endirməsi ilə bağlı hər hansı yekun qərar verməyib. Analitiklər hesab edirlər ki, Blinken sözügedən məsələdə “top”u prezident Co Baydenə ötürməklə son sözün onun tərəfindən deyilməsini istəyir.
Rafi Müslümov
www.yenicag.az