Şeyx görüş keçirdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Küveytin Vəqflər Nazirinin birinci müavini d-r Adel əl-Fəlahı qəbul edib.
QMİ-dən verilən məlumata görə, Şeyxülislam A.Paşazadə d-r Fəlahın Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələrin dərinləşməsində oynadığı rolu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlər xatırlandı, gələcək üçün yeni təkliflər müzakirə olunub.
QMİ sədri xüsusi vurğuladı ki, müasir dönəmdə radikallıq və ekstremizm təzahürlərinin aradan qaldırılmasının prioritet əhəmiyyət kəsb etməsini nəzərə alsaq, Adel əl-Fəlahın təbliğ etdiyi vəsətiyyə, yəni mötədil İslam xətti böyük önəm kəsb edir. Qonağın Azərbaycanda dəfələrlə olduğunu, xalqımızın ümummilli lideri Heydər Əliyevin irsinə böyük dəyər verdiyini, “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda araşdırmanın müəllifi olduğunu, Bakıda dinlərarası dialoq və multikulturalizm mövzularında keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlarda fəal iştirakını xatırladan Şeyxülislam A. Paşazadə ümidvar olduğunu bildirib ki, dr.
A. əl-Fəlah bundan sonra da İslami dəyərlərin ümumbəşəri mənafelər naminə təbliği və təşviqi, xalqlar arasında mehriban qonşuluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində dəyərli səylərini davam etdirəcək. Küveytli qonaq, öz növbəsində, QMİ sədrinin qardaş Küveyt-Azərbaycan xalqları arasında mənəvi əlaqələrin inkişafına, nəinki MDB məkanında, bütövlükdə beynəlxalq müstəvidə dinlərarası dialoq işinə böyük töhfələr verdiyini xüsusi vurğuladı və bu istiqamətdə səylərə bundan sonra da hər zaman dəstək verəcəyini bildirib. Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub(ans).