Sığorta sisteminə etibarsızlığın əsas qaynağı…
Samir Əliyev: “Bunun üçün maarifləndirmə istiqamətində ciddi addımlar atılmalıdır”
Azərbaycan bazar iqtisadiyyatına daxil olsa da, burada hələ də əhalinin sığorta sisteminə marağı çox aşağı səviyyədədir. Yalnız icbari sığorta sistemi müəyyən dərəcədə inkişaf edib. Görəsən, ölkəmizdə də əhalinin sığorta sisteminə marağının yaranması üçün hansı addımlar atılmalıdır?
Yenicag.a-a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, sözügedən istiqamətdə nəticə əldə edilməsi üçün əhalinin maarifləndirilməsi xüsusi önm daşıyır. Həm də vətəndaşların sistemə etibarlılığı artmalıdır: “Ölkə əhalisinin sığorta sisteminə marağının yaranması üçün onun əhəmiyyəti, mahiyyəti insanlara başa salınmalıdır. Vətəndaş bilməlidir ki, müəyyən bir məbləğ ödədikdə, sığorta hadisəsi baş verəndə həmin zərər ödəniləcək. Ona görə də, ilk növbədə sığortanın mahiyyəti başa salınmalıdır ki, insanlar bu prosesdə aktiv olsunlar. Azərbaycanda isə hələlik başa salma tendensiyası da zəif gedir. İkinci bir tərəfdən, sığortaya marağın artmasında sığorta şirkətlərinin rolunun da çox əhəmiyyəti vardır. Əhali arasında və mətbuatda gedən məlumatlara görə, sığorta hadisəsi baş verdikdə belə, sığorta şirkətindən pulu almaq mümkün olmur. Bu da təbii ki, obyektiv və subyektiv səbəblərlə bağlıdır. Qənaət olsun deyə, şirkətlər evi, maşını real dəyərindən aşağı sığortalayır. Bu halda sığorta hadisəsi baş verəndə şirkətin ödədiyi vəsait də dəyən zərərə adekvat olmur. Belə vəziyyət insanlarda etibarsızlıq yaradır. Həmin etibarsızlıq aradan qaldırılsa, vətəndaşlar bu prosesdə aktiv iştirak edə bilərlər. Bu amillər aradan qalxarsa və əhalinin gəliri artarsa, onlar sığortaya pul ayırmaqda da maraqlı olar. Amma prosesin inkişafında əsas amil rolunu əhalinin maarifləndirilməsi tendensiyası oynaya bilər”.
Rüfət