!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Silahlanma yarışında qazanmaq istəyən DƏLLALLAR – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Hər nə qədər sülh müqaviləsindən danışılsa da, regionda silahlanma yarışı davam edir. Ermənistan ordusu müharibədən sonra məlum idi ki, itirdiklərinin yerini doldurmaq üçün silahlar alacaq. Ermənistanın silahlanmasına baxdıqda, açıq şəkildə görünür ki, həm İrəvan, həm də onun yanında olan dövlətlər müharibənin nəticələrini ciddi şəkildə analiz ediblər. Ermənistan ordusunun ən zəif yerlərin müəyyənləşdirib, ona uyğun olaraq da silahlar alırlar.

Ermənistanın xüsusilə hava hücumundan müdafiə, anti-dron sistemlərini alması ehtiyacdan irəli gəlirsə, “Caesar” haubitsasını alması isə effektiv olan artilleriyalarını daha da təkmilləşdirmək üçündür. Ermənistanın silahlanması təbii ki, regionu silahlanma yarışının içərisinə çəkib. Ermənistanın aldığı silahlara adekvat olaraq Azərbaycan tərəfi də silahlar alır. İstər Azərbaycanda, istərsə də, Ermənistanda bəzi şəxslər dövlətlərin aldığı silahlı nümayiş etdirməsini və yaxud bu məlumatların mətbuata sızdırılmasını tənqid edir. Əvvəla silahlanmanın heç bir sirr tərəfi yoxdur. Silah istehsalı ərzaq, avtomobil və digər məhsullar kimi qanunidir. Silah istehsalçısı olan şirkətlər satdığı silahın hesabatını verir. Dövlətlər aldığı silahlar barədə məlumat verməsə də, istehsalçı şirkətlər maraqlıdır ki, satışı barədə məlumat versin.

Misal üçün “Akash-1S” hava hücumundan müdafiə sistemlərinin Ermənistana təhvil verilməsini birinci Ermənistan yox, məhz istehsalçı şirkət elan etdi. Dövlətlər silahları qara bazardan yox, məhz şirkətlərdən alır. Yəni dövlətlər istəsə də, bunu gizlədə bilməz, yox, dövlətlər gizlətsə də, şirkətlər maraqlı olur ki, informasiya yayılsın. Bəzən şirkətlər bilərəkdən hansısa ölkəyə silah satdığını nəinki bəyan edir, hətta bunun müzakirələrə səbəb olması üçün müəyyən media qrupları ilə razılaşmalar da əldə edirlər. Bəzən heç silah satan tərəf yox, rəqib şirkət rəqib ölkənin hansı silah almasını ciddi şəkildə şişirdir. Beləcə də nəinki media resursları, hətta dövlətlər də tələyə düşmüş olur. Hər kəs istehsal etdiyi məhsulu satmaq istəyir və buna görə də, manipulyasiyalar edir.

Ermənistanın “Caesar” haubitsasını alması həddindən artıq qabardıldı. Daha sonra isə Qərb mediasında alternativ silahlar gündəmə gətirildi. Hətta Ermənistan “Caesar” haubitsasını alandan sonra bəzi haubitsa istehsalçısı olan şirkətlər Azərbaycanın qapısında yatdı. Nəticədə Azərbaycan DİTA haubitsalarını aldı. Azərbaycanın DİTA haubitsasını alacağını təxmin etmək o qədər də çətin deyildi. Silah şirkətləri pusquda yatır, məhsullarını satmaq üçün bütün variantlara gedirlər. Azərbaycan da silah istehsalçısıdır və bir neçə ölkəyə silah satışını təşkil edir. Azərbaycan tərəfi bunu gizli saxladığını düşünsə də, xarici şirkətlər və araçı şirkətlər hər şeyi bilir. Hətta “sizinkilər avtomatın qiymətini niyə qaldırıb?” sualını belə verirlər. Bəs məxfi idi?

Yalnız ağır müharibələr zamanı dövlətlər axtardığı silahı, mərmiləri istehsalçı şirkətlərdən ala bilmədikdə, qara bazara üz tutar. Bu da çox az hallarda baş verir. Ona görə də müharibələr vaxtı qanunsuz silahdan istifadə anlayışı yoxdur. Hər kəs əlində olan vasitələrdən maksimum istifadə etməyə çalışır. Yəni dövlətlərə mələk, yaxud şeytan donu geyindirməyin bir mənası yoxdur. Hər kəs hədəfə çatmaq üçün addımlar atır.

Ermənistanın silahlanması, bunun həddindən artıq qabardılması həm də Azərbaycan üçündür. Müdafiə sənayesi şirkətləri bitməyən bir münaqişədən maksimum yararlanmağa çalışır. Beləcə, dövlətləri soyub soğana çevirirlər. Məsələyə fərqli yöndən baxsaq, sülh müqaviləsi imzalana qədər Azərbaycan və Ermənistanın silahlanması davam edəcək. Azərbaycan mətbuatında Ermənistanın, Ermənistan mətbuatında isə Azərbaycanın yeni silahlar alması qabardılacaq. Azərbaycanın aviaparkını yeniləməyə ciddi ehtiyacı vardı. Ona görə də həm ehtiyacları qarışlamaq, həm də siyasi olaraq Pakistandan JF-17 hərbi təyyarələri aldı. Ardınca Ermənistan mediası bu məsələni ciddi qabartmağa başlayıb. Artıq Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti ilə danışıqlar da aparırlar. Bəzən deyirlər ki, böyük dövlətlər, əslində isə böyük silah şirkətləri də bu münaqişənin sülh müqaviləsi ilə bitməsində maraqlı deyillər.

Bunları yazarkən Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin olmasını inkar etmirəm. Əksinə, gərginlik var və bunun davam edəcəyi də gözləniləndir. Görünən odur ki, bu gərginlikdən qazanan Ermənistan və Azərbaycandan daha çox elə müdafiə sənayesi şirkətləri və ortadakı dəllallardır…

Səxavət Məmməd

 

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv