Şimali Koreya böyük müharibəyə başlayır
Şimali Koreya lideri: “Milli birlik uğrunda böyük müharibə artıq yaxındır”
Şimali Koreya lideri Kim Çen In öz ölkəsinin ordusunu ABŞ və müttəfiqləri ilə müharibəyə hazır olmağa çağırıb.
Bu barədə Koreya mərkəzi teleqraf agentliyi məlumat yayıb.
“Milli birlik uğrunda böyük müharibə artıq yaxındır və bu durum tələb edir ki, Koreya xalq ordusunun bütün birləşmələri müharibəyə tam hazır olan qvardiyaya çevrilsinlər”, – deyə Kim Çen In vurğulayıb.
Daha öncə Şimali Koreya hakimiyyəti Cənubi Koreyanı hədələyərək bildirmişdi, Pxenyana qarşı ABŞ-ın aparacağı “təcavüzkar müharibəyə” qoşularsa, “ən bədbəxt sonluq”la üzləşəcək.
1910-cu ildən Yaponiya tərəfindən işğal edilərək müstəmləkəyə çevrilmiş Koreya 1945-ci ildən sonra iki zonaya – sovet və Amerika zonalarına bölünmüşdü. 1948-ci ildə şimaldakı sovet zonasında Koreya Xalq Demokratik Respublikası (KXDR) və cənubdakı Amerika zonasında Koreya Respublikası yaranıb. Hazırda KXDR-ə rəhbərliyi Kim Çen In edir. O, KXDR-in yaradıcısı Kim İr Senin nəvəsidir.