Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sırasız vaksin növbələri və Onkologiya qiyamətləri - Aqil Bəkir yazır

Təsadüfdən, ya nədəndir, bilmirəm, son həftə ərzində yolum iki dəfə xəstəxanadan düşdü. Birincidə könüllü statusunda olub, lakin absurd şəkildə vurulması məcbur edilmiş vaksin olunmaq üçün 3 saylı şəhər poliklinikasında, ikincidə isə Milli Onkologiya Mərkəzində oldum.

“Randevu” deyilən mərətdən saat 9-10 arası üçün növbə götürüb səhəri gün xəstəxanaya yollandım. Mən fağır elə zənn etmişəm ki, bu sistem, yəqin, özü növbə alınma zamanına görə avtomatik sıra təyin edir. Ancaq poliklinikaya getdiyim zaman tamam başqa mənzərə ilə qarşılaşdım. 08:55-də çatdığım poliklinikada aydın oldu ki, mənim Azərbaycanda “müasir növbə” sisteminin olacağına ümid etməyim saflığımdan qaynaqlanırmış.

İnsanlar düzülüb bir otağın qarşısına, hərə özünün birinci gəldiyini iddia edir, onların başı mübahisəyə qarışan zaman digəri girib vaksinini olub çıxır, bizə də qalan insanların gözündə “mal” durumuna düşmək olur ki, mən dəqiqiliyi olmayan, lakin ətrafdakı qələbəliyin yaratdığı süni növbəmi gözləyirəm, digəri də yüksək “mədəniyyət” örnəyi göstərərək öz işini aşırır.

Nəticədə səhərə möhkəm baş ağrısı ilə başlamış oldum.

Problem nədir? Problem odur ki, bütün yaxşı adamların qadasının üzərinə hopmasını arzu etdiyim “randevu”nu yaradanlar, quranlar (orqan!) niyə onlayn növbə adı ilə bizə “növbəsiz” vaksin soxuşdurur? İnsanlar zamanından qısıb tez vaksin olunmaq istəyirlər, lakin xəstəxanalarda qarmaqarışıqlıq hökm sürür.

İnsanları vaksinlə sıxmaları, absurd qadağalar tətbiq edərək vəzifəsi mənə (vətəndaşa) xidmət göstərməli olan orqanların xidmətindən yaralanmağa qoymamaları bir yana, hələ halalca vaksinimizi də minnətlə etmələri vətəndaşa təhqirdən başqa bir şey deyil.

Milli Onkologiya Mərkəzində olarkən qarşılaşdığım mənzərə isə daha dəhşətli idi. Çöldən hər şey normal görünsə də, mərkəzin diaqnostika korpusuna daxil olduqda koridordakı insan sıxlığından güclə hərəkət edə bildim. Burada ümumi növbə sıra nömrəsilə həyata keçirilsə də, həkimlərin otaqlarının qarşısındakı sıra rəqəmini göstərən cihazlar işləmədiyindən bir daha insanların növbə üçün səslərini qaldırdıqlarının, bir-birilərini acıladıqlarının şahidi oldum.

Eyni mənzərəni bura yolu düşən jurnalistlərin sosial şəbəkələrdə paylaşdıqları şəkillərdən görmüşdüm, lakin ora gedib “növbə gərginliyi”ni yaşamaq hər şeyi daha yaxşı anlamama səbəb oldu.

İki xəstəxana təcrübəmdən o qənaətə gəldim ki, işlərini düzgün qura bilməyən aidiyyatı qurumların səriştəsizliyinin qurbanı yenə vətəndaş olur. Özü də xəstəliyi, dərdi olan vətəndaş!

Belə yerdə deyiblər ki, işimiz Allaha qalıb.

www.yenicag.az

457
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100