Şirkət rəhbəri 700 minlik dələduzluğa görə həbs edildi
Dələduzluqda təqsirləndirilən “Amal+A” MMC-nin rəhbəri Nadir Quliyevə hökm oxunub.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyilə Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq – xüsusi olaraq külli miqdarda dələduzluq) maddəsilə mühakimə olunan Nadir Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından məlum olur ki, Nadir Quliyev ayrı-ayrı vətəndaşları müxtəlif vədlərlə aldadıb. Onun 7 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Dəymiş zərərin ümumi məbləği isə 700 min manata yaxındır. Nadir Quliyev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Onun rəhbərlik etdiyi şirkət satınalma müsabiqələrində də iştirak edib. Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdıma zamanı məlum olub ki. “Amal+A” MMC 2019-cu ildə 3 tenderin qalibi seçilib. Tenderləri Mənzil-Kommunall Təmir Xidməti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi keçirib. Şirkət bu 3 tender üzrə 319 999,42 manatlıq sifariş alıb./qaynarinfo