AT&T telekommunikasiya şirkətinin keçmiş və indiki müştərilərinin şəxsi məlumatları sızdırılıb. Müştərilərin ad və soyadları, ünvanları, sosial sığorta nömrələri də sızan məlumatlar arasındadır.
Yenicag.az xəbər verir ki, ABŞ-da yerləşən çoxmillətli telekommunikasiya şirkəti AT&T-nin 73 milyon keçmiş və indiki müştərisinin şəxsi məlumatlarının internetə sızdığı açıqlanıb.
Şirkətdən verilən açıqlamaya görə, qaranlıq internetə sızan məlumatlar arasında ünvanlar, sosial təminat nömrələri və parollar var. Şirkət sözügedən məlumatların oğurlandığına dair heç bir sübut aşkar etmədiklərini, lakin kibertəhlükəsizlik mütəxəssislərinin vəziyyəti araşdırdıqlarını bildirib.
BBC xəbər verir ki, şirkət həmçinin müştərilərindən parollarını sıfırlamağı xahiş edib. AT&T həmçinin müştərilərinə “hesab fəaliyyəti və kredit hesabatları ilə bağlı diqqətli olmağı” tövsiyə edib.
Bildirilib ki, 2019-cu il və daha əvvəl olduğu bildirilən məlumat 7,6 milyon cari müştəri və 65,4 milyon keçmiş hesab sahibi ilə bağlıdır. Şirkətin açıqlamasına görə, ad-soyad, e-poçt ünvanları və doğum tarixlərinin olduğu sızdırılan məlumatlar arasında maliyyə məlumatları yer almayıb.
Şirkətdən verilən açıqlamada, sözügedən məlumatların şirkətin öz sistemlərindən sızdırıldığı və ya üçüncü tərəf provayderlərdən qaynaqlandığının aydın olmadığı bildirilib.
AT&T-nin simsiz 5G şəbəkəsi Birləşmiş Ştatlarda təxminən 290 milyon insanı əhatə edir.
Şirkət eyni zamanda ölkənin ən böyük mobil və internet provayderlərindən biridir.
Fevral ayında şirkətin xidmətlərində yaranan fasilə on minlərlə telefon istifadəçisinə mənfi təsir göstərib və AT&T bu hadisədən sonra üzr istəyib və zərər çəkmiş müştərilərinə 5 dollarlıq çek təklif edib.
Müştərilərin 12 saat telefonlarından istifadə edə bilmədiyi bu hadisə ilə bağlı Nyu York prokurorları araşdırma başladıb.
Yenicag.az
www.yenicag.az