Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Şişməkdə Mahir…

Reklam: Sinerji Pro

Azərbaycan Braziliya deyil. Onların məmləkətində yeni doğulan hər 10 oğlan uşağından birinin futbolçu olma potensialı 100 faizə bərabərdirsə, bizim belə bir gözləntimiz yoxdur. Pelenin vətənindən olan futbolçuların sayı nəhəng bir şəhərin sakinlərinə bərabərdir, biz isə 11 nəfər tapıb millidə oynada bilmirik.

Onların vətənində Riçard Almeyda, Reynaldo sadə Braziliya vətəndaşı, bizdə isə ölkənin ən adlı-sanlı klublarından olan “Qarabağ”ın vazkeçilməz futbolçularıdır.

Belə futbolu olan Azərbaycanda Mahir Mədətovun özünə “mən futbolçuyam” deyib şeşələnə-şeşələnə gəzməsində də qeyri-adi heç nə yoxdur. Bu sahədə mahir deyilik və buna görə də Mədətovdan mədət umuruq.

Mahir Mədətov futbolçudur. Hazırkı durumda ölkədə barmaqla göstərilən futbolçulardandır. Onun potensialı hətta Biləcəridən o tərəfə çıxmağa da imkan verir. Onda da gərək “Qarabağ”ın “Qəbələ” ilə səfər matçı ola…

İndi 22 yaşlı “potensiallı futbolçu” yenidən gündəmə gəlib. “Neftçi” ilə matçda rəqib futbolçu Mamadu Mbodjanın əlini sıxmaması müzakirələrə səbəb olub. Sonra da üzr istəyib ki, bəs, sən Allah bağışla, mən rasist deyiləm.

Mahirin səhvini başa düşüb üzr istəməsi böyüklük əlamətidir. Amma nə yazıq ki, bu böyüklük onun futbolçu profili üçün deyilə bilməz. Bizim “böyük gələcək vəd edənimiz” artıq 22 yaşındadır və futbolçu olaraq böyümək istəmir.

Guya bundan sonra futbolçu olaraq böyüyüb nə edəcək ki? Bu “böyüklük” uzağı ona Ağdam klubu ilə yeni müqavilə bağlamaqda vasitəçi olacaq. Bundan sonra isə Avropaya ancaq turist kimi gedib, 5-10 gün qaldıqdan sonra vətənə qayıda bilər.

Mahir müqəddəs deyil. O da tənqid olunmalı və bu tənqidlərdən nəticə çıxarmalıdır. İnşallah, bu tənqidlərdən sonra “Qarabağ” futbolçusunun şəklini “facebook”da profil rəsmi etməz. Onu şişirdən də məhz bu kimi amillərdir.

Qurban Qurbanov Mahirin başını sığalladıqca, o, özünü böyük bir futbolçu hesab edir. Daha başa düşmür ki, ölkədə futbolçu yoxdur, Qurbanov onu oynatmağa məcburdur. Alternativ olsa, Mahir ata sənəti ilə məşğul olacaq…

Emin Səfərov

www.yenicag.az

1609