Siyarto Aİ iclasında iştirak etməyəcək
Macarıstanın xarici işlər naziri Peter Siyarto Lüksemburqda keçirilən, Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin də müzakirə olunacağı Aİ nazirlərinin iclasında iştirak etməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Siyartonun iclasda iştirak etməməsinə baxmayaraq, Macarıstan nümayəndə heyəti İsrailə qarşı sanksiyalar da daxil olmaqla, görüşün gündəliyindəki əsas məsələlərin irəliləməsinə müqavimət göstərməyə davam edəcək.
Qəzet qeyd edib ki, bəzi avropalı diplomatlar müzakirələrin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə toxunacağına şübhə edirlər, çünki Kiyevə kreditin verilməsi məsələsi “birinci dərəcəli prioritetə sahibdir”.
Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro ayrılması barədə qərar 2025-ci ilin dekabrında keçirilən Aİ sammitində 24 ölkə tərəfindən qəbul edilib. Macarıstan, Çexiya və Slovakiya qərarı prinsipial olaraq bəyənsələr də, bu prosesdə iştirakdan imtina ediblər. Avropa Komissiyasının bu məbləğdə borcu maliyyə bazarlarında yerləşdirməsi üçün Aİ-nin bütün 27 ölkəsinin dəstəyi lazımdır, lakin bu qərar Macarıstan tərəfindən bloklanır.













