SOCAR məntəqələrində Aİ-95-in satışı dayandırılıb?
SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) Aİ-95 markalı yanacağın satışı dayandırılmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a SOCAR Petroleum QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində Aİ-95 premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:
“Lakin bu gündən etibarən bütün YDS-lərdə Aİ-95 markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.
Qeyd edək ki, SOCAR Petroleum QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində SOCAR brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.