Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi son 10 ildə dünyada baş verən təyyarə qəzalarını yenidən gündəmə gətirib.
Qeyd edək ki, hazırladığımız siyahıda son on il ərzində baş verən təyyarə qəzaları yer alıb ki, bunlar da aviasiya tarixində çox ciddi iz qoymuş, aviasiya təhlükəsizliyinin həm texnoloji, həm də idarəetmə baxımından əhəmiyyətini bir daha vurğulamışdır.
Yenicag.az son on ilin ən diqqətçəkən qəzalarından bəzilərini oxuculara təqdim edir:
Malayziya Hava Yolları, MH17 reysi (17 iyul 2014)
Niderlandın paytaxtı Amsterdamdan Malayziyaya – Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi 2014-cü ildə Ukraynanın Donetsk vilayəti üzərində vurulmuş və göyərtədəki 298 nəfərin hamısı həlak olmuşdu.
“AirAsia”, QZ8501 reysi (28 dekabr 2014)
Surabayadan Sinqapura uçan “Airbus A320-200” təyyarəsi də uçuş əsnasında Yava dənizinə düşmüş, nəticədə təyyarədəki 162 nəfər həyatını itirmişdi.
“Germanwings”, 9525 reysi (24 mart 2015)
Barselonadan Düsseldorfa uçan “Airbus A320” təyyarəsi isə 2015-ci ilin martında Fransız Alplarında qəzaya uğramışdı. Araşdırmalardan bəlli olmuşdu ki, 150 nəfərin həlak olduğu qəzanın baş verməsinə səbəb pilotun səhv idarəetməsi ilə qaynaqlanıb.
“Lion Air” JT610 reysi (29 oktyabr 2018)
Cakartadan Pankalpinanq şəhərinə uçan “Boeing 737 MAX 8” təyyarəsi isə 2018-ci ildə Yava dənizinə düşmüşdü. 189 nəfərin həlak olduğu sözügedən faciədə təyyarədəki avtopilot sistemindəki problemin təyyarənin düşməsinə səbəb olduğu aydınlaşmışdı.
“Ethiopian Airlines”, ET302 reysi (10 mart 2019)
Efiopiyanın paytaxtı Əddis-Əbəbədən Keniyaya – Nayrobiyə uçan daha bir “Boeing 737 MAX 8” təyyarəsi də həmin ərəfələrdə qəzaya uğramış, hadisə nəticəsində isə 157 nəfərin həlak olmuşdu. Adıçəkilən faciədən sonra “Boeing” modelinin MAX seriyasındakı problem bir daha müzakirələrə səbəb olmuşdu.
Ukrayna Beynəlxalq Hava Yolları, PS752 reysi (8 yanvar 2020)
Tehrandan Kiyevə uçan “Boeing 737-800” təyyarəsinin taleyi də o birilər kimi olub. Səhvən vurulduğu iddia olunan təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olmuşdu. Bu hadisə nəticəsində isə regional siyasi gərginliklərin aviasiya üçün təhlükəsizlik riski yaratması məsələ bir daha öz təsdiqini tapmışdı.
“Sriwijaya Air”, SJ182 reysi (9 yanvar 2021)
İndoneziyanın paytaxtı Cakartadan Pontianak şəhərinə uçan “Boeing 737-500” təyyarəsi isə havaya qalxandan 4 dəqiqə sonra radarlardan itmiş, nəticədə isə idarəetməni itirərək qəzaya uğramışdı. Təyyarədəki 62 nəfərin hamısı isə yerindəcə həlak olmuşdu.
Rafi Müslümov
www.yenicag.az