30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan və doğma yurd-yuvalarından uzaqda dünyasını dəyişənlərin çoxunun arzusu Qarabağ torpağında dəfn olunmaq idi. İndi mərhum qarabağlıların bəzilərinin yaxınları onların vəsiyyətini reallaşdırmaq, məzarlarını azad olunmuş ərazilərdəki qəbiristanlıqlara köçürmək istəyirlər.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Suraxanı rayonundakı Dədə Qorqud qəsəbə qəbristanlığının müdiri Uğur İslamov da deyir ki, artıq bununla bağlı onlara müraciət edənlər var.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəbirlərin köçürülməsinin mümkün ola biləcəyini deyir.
Millət vəkili hesab edir ki, bu, könüllülük prinsipi ilə həyata keçirlməlidir.
Hüquqşünas Turan Abdullazadə isə məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, qəbirlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsinə zəruri hallarda şərait yaradıla bilər.
Qafqaz Müsəlmanları İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məzar köçürülməsi İslamda bəyənilməyən əməldir. Əgər bir insan müsəlman torpağında dəfn edilibsə, qəbri hər hansı səbəbə görə köçürmək, yerini dəyişmək qəbul olunmayan hərəkətdir. Bununla belə, məzarların Qarabağa köçürülməsi məsələsinə dövlət səviyyəsində baxıla bilər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası və məcburi köçkünlərin geridönüşü ilə bağlı verilən tapşırıqda belə bir layihənin icrası yoxdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.yenicag.az