“Əfv fərmanı həmişə yaxşıdır. 210 nəfər buraxılaraq ailəsinə qovuşub. Amma verdiyimiz siyahıda olan insanlardan bir nəfər də olsun əfv edilmədi. Bu isə bizi məyus edib. Ona görə də bundan çox narahatıq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu söylədi: “Bilirəm ki, buna görə də xaricdən Azərbaycana və ölkə prezidentinə basqılar olacaq. Siyasi məhbusların buraxılmaması məhz Amerika, Avropa tərəfdən Azərbaycan dövlətinə və prezidentinə basqılarla nəticələnəcək. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanın vəziyyəti gərgin olacaq. Yəni bizi sabah nə gözlədiyi məsələsinə qlobal baxmaq lazımdır. Siyahımızda olan məhbusların azad edilməsi üçün əlimizdən gələni və gəlməyəni də etdik. Əfv Komissiyasının bütün üzvləri ilə ayrı-ayrılıqda görüşərək, söhbət apardıq. Bunun nəticəsində onlara siyahı təqdim etdik, amma göründüyü kimi heç nə əldə edə bilmədik. Deməli, Amerika və Avropanın ölkəmizə olan basqıları məsələnin həllinə kömək etmir. Lakin basqılar bundan da ağır olacaq. Öncə hökumət Leyla və Arif Yunuslar olmaqla iki nəfəri azad etdi. Bunu dəstəklədik. O mühitdə digər siyasi məhbusları da buraxmalı idilər. Buna ümid edirdik. Amma indi çox pis olmuşuq. Lakin buna baxmayaraq sona qədər gedərək çalışacağıq ki, siyahımızda olan məhbuslar da azadlığa çıxsınlar. Bu istiqamətdə sona qədər mübarizə aparacağıq”.
ELÇİN