!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son fədakarlıq” – Millət vəkili Rafael Hüseyn yazdı

!Reklam – Yazi

535315_1094518903938797_4059015248963828257_nBu səhərim acı bir xəbərlə başlandı.
Bu fani dünyada məni çox əziz bilən və mənim də çox əziz saydığım azlardan daha birini itirdim.
Görkəmli sənətkarımız, xalq artisti, kinorejissor, sənətşünas, aktyor, dramaturq, yazıçı Tofiq İsmayılov vəfat etdi.
Sübh çağı zəng gəldi. Tofiq müəllimin cib telefonundan idi. Ürəyim qopdu. Çünki artıq bilirdim bu zəng nə zəngdir. Bilirdim ki, bu zəngi edən o özü deyil və daha heç vaxt bu tanış nömrədən onun doğma səsini eşitməyəcəyəm.
Son dəfə onunla Dəmiryolçular xəstəxanasının reanimasiya şöbəsində görüşdüm.
Hamımız bilirdik ki, qaçılmaz əbədi ayrılığın astanasındayıq. Xarici səfərimdən qayıtdığım günün ertəsi onu yoluxmağa getmişdim. Vəfalı ömür dostu Səidə xanım, istəkli qızları yanında idi.
Gəlişimə çox sevindi. Hələ Parisdəykən Tofiq müəllimlə telefonla danışmışdım, demişdim 2 günə gəlirəm sizi görməyə.
Məni görüb çox sevindi. Xeyli söhbət etdik. Elə bil xəstəlik də yadından çıxmışdı, sifətinin işığı artmışdı, üz-gözünə sanki bir gümrahlıq qonmuşdu.
Danışırdı, hiss edirdim ki, danışdıqca da danışmaq istəyir.
Anlayırdım ki, canlı Tofiq müəllimin səsini eşitdiyim axır həftələr, axır günlərdir. Bilirdim ki, bunca əziz, məhrəm simanı belə yaxından görmək, onu qucaqlamaq, səsini dinləmək mənə daha nəsib olmayacaq. İndi nə görürəmsə, nə eşidirəmsə, qənimətdir.
Amma heysizləşməsin, güc ituirməsin deyə “özünüzü çox yormayın” söyləyirdim, sabah ümidli sözləri dilə gətirirdim, “maşallah yaxşısınız, inşallah, 80 illiyinizi o əvvəlki yubileylərinizdən də gözəl keçirəcəyik” deyirdim.
70 yaşını 2009-da Mahnı teatrında, 75 illiyini 2014-də Beynəlxalq Muğam Mərkəzində dostlarının, həmkarlarının, sevənlərinin iştirakı ilə deyə-gülə təntənə ilə keçirmişdik. Hər iki gecəni mən aparmışdım.
Son yuvarlaq ildönümünün bayramına Türkiyədən, bir vaxtlar çalışdığı Memar Sinan Universitetindən də qonaqlar gəlmişdi. Bizim tanıdığımız, sevdiyimiz Tofiq müəllimin bilmədiyimiz neçə məziyyətindən ürək dolusu danışır, bir sənətkar, müəllim, dost, həmkar kimi ona yüksəkdən yüksək qiymətlərini bəyan edirdilər.
Sağ olsun İctimai Televiziyanın rəhbərliyi! Həmin yubiley məclisini əvvəldən sonadək yazdı, sonra montaj edib efir üçün hazırladım, beləcə, Tofiq müəllimlə bağlı dəyərli bir lent tarixə yadigar qaldı.
Bu zəhrimar xəstəlikılər olmasaydı nə vardı ki!
Bu apeldə 77-ni başa vurub 78 yaşına qədəm qoyacadı.
Bir-birini əvəz edən işlərin axarında 2-3 il də hiss edilmədən sovuşacaqdı, Tofiq müəllimlə birgə 80 yaşının da bayramını yaşayacaqdıq.
Enerji il, qaynar həvəslə, yaradıcılıq arzuları, bir-birindən maraqlı udeyalarla dolu idi.
Onunla birgə 2 film çəkmişdik, daha bir neçəsi üzərində düşünürdük, müəyyən hazırlıqlarımız da vardı.
Həmişə birnəfəsə baxılacaq “Gilas ağacı”, “Musiqi müəllimi”, “Çarvadarların izi ilə, “Mən nəğmə qoşuram”, “Bizim küçənin oğlanları” və digər bədii filmləri ilə yanaşı onun portret filmləri də daim qalacaq, onillər sonra da (və bəlkə zaman ötdükcə daha maraqla) seyr ediləcək.
Müslüm Maqomayev, Tofiq Quliyev, Əminə Dilbazi, Cövdət Hacıyev, Xəyyam Mirzəzadə… onun publisistik filmləriylə tamaşaçıya yeni və tam fərqli baxış bucağından görünür.
Hazırlaşırdıq Fidan və Xuraman Qasımova bacılarına həsr olunan filmi çəkməyə, Azər Zeynalov haqqında filmlə bağlı da ssenarim hazır idi, birgə xeyli müzakirələrinmiz olmuşdu.
Neçə il əvvəl Cəlalləddin Rumi haqqında “Gəl” adlı sənədli-publisistik filmi çəkmişdik. Tofiq müəllimin təkidi, təşviqi, ilhamlandırması ilə Mövlana və Şəms Təbrizi barəsində bədii filmin ssenarisi üzərində işləyirdim.
Heyflər ki, hamısı yarımçıq qaldı.
Tofiq müəllim daim axtarışda olan, çoxistiqamətli yaradıcılıq fəaliyyəti göstərən, üz tutduğu hər səmtdə faydalar verməyi bacaran, bir-birindən fərqli sahələrdə dəyərli əsərlər yaratmağa qadir istedad idi.
Onun rejissoru olduğu filmlər, bir aktyor kimi məharətlə canlandırdığı surətlər, qələmə aldığı bədii əsərlər nə qədər sevimlidirsə, 3 cildlik “Türk cümhuriyyətlərinin kino tarixi” adlı sanballı elmi araşdırması bir o qədər əhəmiyyətlidir.
Türkiyədə dərs dediyi dövrdə qardaş ölkənin kino sənətinin gələcəyini irəlilədəcək yeni mütəxəssislər nəslini yetişdirməklə yanaşı, Tofiq müəllim bu son dərəcə vacib tədqiqaını apardı.
Başqa birisinin belə bir mövzunu bu cür yüksək elmi səviyyədə, bu dərinlikdə, bu əhatədə tədqiq edə biləcəyini təsəvvürümə gətirmirəm. Azərbaycan kinosunun tarixini yaxşı bilirdi, özü də bu irsin yaradıcılarından idi, uzun illər Türkiyədə yaşayıb-işləməsi arxivlərlə bilavasitə təmasına münasib girəvə açdı, Orta Asiyanın bir çox kino xadimləri ilə dostluq əlaqləri ona zəngin material toplamaqda yardımçı oldu. Beləcə, vaxt ötdükcə qiyməti, əvəzsizliyi daha artıq duyulacaq araşdırmalar – kitablar yarandı.
…Tofiq müəllim ailəcanlı, balalarını, nəvələrini incə, fədakar məhəbbətlə sevən insan idi.
Və son fədakarlığını da ömrün bitəcəyində etdi.
Ölüm yatağında idi. Müdhiş son hər an yetişə bilərdi.
Martın 16-na isə istəkli nəvəsinin toyu nəzərdə tutulmuşdu.
Tofiq müəllimin səhhətinin ağırlığına görə toy dəvətnamələrini də mərasimin keçirilməsindən ötrü seçilən gün lap yaxınlaşanacan göndərməkdə tərəddüd edirdilər. Birdən…
Tofiq müəllim ağır, nicatsız mərəzlə mücadilədə neçə gün artıq yaşadısa, bu ən əvvəl sarsılmaz iradənin, balalarının, ailəsinin xatirinə ölümə göstərdiyi qeyri-adi müqavimətin sayəsində baş verdi.
Gün-gün dözülməz ağrılara tab gətirərək, ölümü özündən kənar qovaraq sağ qalmasıyla imkan vermədi ki, gənclərin toyu yarımçıq qalsın, şad gün matəmə çevrilsin.
Toydan sonra daha bir neçə gün də yaşadı, ömrünün labüd ayrılıq parçasının son qəmli Novruzuna da çatdı.
Qohum-əqrəbaya, sevənlərinə ən axırıncı yaxşlığı da bu oldu ki, macal vermədi onların bahar bayramı yasla gəlsin…
…Hər əziz insanın gedişi ilə əslində sənin də ömrün hissə-hissə bitir.
Tofiq müəllimin əbədi gedişi, daha olmayacağı fikrini hec vəchlə ürəyimə yaxın buraxa, qəbul edə bilmirəm.
Onun gedişiylə mənim həyatımdan munis bir parça qopur və Tofiq müəllimlə bağlı saysız xatirələrim yetimləşir.
Bu gün martın 25-də onunla vida günüdür.
Bakıda yoxam və onun torpağa tapşırıldığı anın da şahidi olmayacağam.
Bəlkə elə bu yaxşıdır?!
Mənimçün həmişə canlı olan, canlı qalacaq sevimli bir varlığın dəfni ilə necə barışım!

COP29

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv