“Həyat yoldaşını öldürdü”, “Sevgilisini qətlə yetirdi”, “Nişanlısını bıçaqladı”… Son vaxtlar bu tip xəbərlər demək olar ki, gündəmi zəbt edib.
Getdikcə, artan şiddət, aqressiya, qətl hadisələrinin təməlində nə dayanır?
Psixoloji və Sosial Dəstək İctmai Birliyinin və UM Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında bu tip hadisələrin genetik bioloji, sosioloji və nevroloji səbəblərdən qaynaqlandığını deyib:
“İşgəncələr, bütün bu kimi hadisələr genetik bioloji, sosioloji və nevroloji səbəblərdən qaynaqlanır. Şəxsiyyət pozuntusu yaşayan insanlarda belə vəziyyət daha çox hiss olunur. Sağlam düşüncəyə sahib olan insanlar bu hərəkətlərə yol verməz. Burada emosional davranışlarını idarə edə bilməyən, şəxsiyyətini anlamağa çətinlik çəkənlər, davranış reflekslərini nizamlamağı bacarmayan insanlar var. Bütün bu sadaladıqlarım da sırf şəxsiyyət pozuntusu adlı xəstəlikdir. Onlar özünümüdafiəyə meyilli insanlar olduğu üçün kənardan özlərini görmürlər. Həmin insanlarda müxtəlif şübhələr yaranır, hər dəqiqə elə bilir ki, həyat yoldaşı ona xəyanət edir. Davranışlarını idarə edə bilmir, nəticədə ağır qətl hadisələri baş verir”.
Ü.Murtuzova çıxış yollarını da göstərib:
“Belə insanlara qarşı səbir və təmkin nümayiş etdirmək lazımdır. Bunu etməyən insanlarda əks reaksiya görürük. Özlərinə nəzarət etməyən insanlar qarşı tərəfə daha artıq aqressiya nümayiş etdirirlər. Nəticədə söz münaqişəsi fiziki münaqişəyə keçir. Sonu da faciə ilə nəticələnir. Problemi olan insanlar özləri bunu hiss etmirlərsə, çevrəsində olan yaxınları onları müalicəyə cəlb etməlidir. Bu da mümkün olmursa, həmin ailələrdə münasibətə son qoyulmalıdır. Ən azı özlərinin və övladlarının həyatlarını qurtarmış olarlar”.
Cəvahir
www.yenicag.az