Sosial partlayış QAPIDA: “Miqrantlara qarşı müharibə şərti Rusiyada işçi qüvvəsini qurudacaq”
Rusiyada miqrantlara qarşı qanunların sərtləşdirilməsi ölkədə ciddi miqrant çatışmazlığına səbəb olacaq.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq Rusiyada miqrantlara qarşı təzyiqlərin artması, onların yaşama icazəsi almaq üçün müharibə şərtləri qoyulmasına münasibət bildirərək yaxında ölkənin miqrant problemi yaranacağına işarə edib:
“Rusiyada hökumətin qəbul etdiyi yeni qanun Rusiyanın son illərdə miqrant məsələlərini çox ciddi şəkildə sərtləşdirməsi ilk növbədə Rusiyanın özü üçün çox ciddi problemlər yaradacaq. Bu problemlər artıq yaranıb. Son dövrlərdə Rusiyada qonşu ölkələrdən, xüsusilə keçmiş MDB məkanından gələn miqrantların sürətlə azaldılması, bu qanunun sərtləşdirilməsinin nəticəsi olaraq miqrantlara qarşı aparılan təqiblər, onlara qarşı xüsusi amansızlıqla yanaşılması Rusiyanın özü üçün də çox ciddi sosial partlayışlara səbəb olacaq. Ona görə ki, Rusiyada işçi qüvvəsinin çatışmazlığı, bu boşluğu daha çox miqrantların doldurması bir reallıqdır. Son aylarda miqrant siyasətinin daha da sərtləşdirilməsi Rusiyada kütləvi şəkildə narazılıqlara gətirib çıxaracaq. Ümumiyyətlə son dövrlərdə Rusiyaya üz tutan vətəndaşların müharibəyə göndərilməsi, onların hərbi baxımdan təqib edilməsi, onlara səfərbərliklə bağlı müxtəlif çağırışlar edilməsi qeyri-qanuni addımlardır. Bununla bağlı artıq işsizlik problemləri yaxında özünü göstərəcək və Rusiya ictimaiyyətində çox ciddi narazılıqlara gətirib çıxaracaq.”
S. Kərimli qeyd edib ki, hökumətin miqrantlara qarşı sərt münasibətinə artıq ölkənin içindən də etirazlar başlayıb:
“Məlumdur ki, Rusiyada ictimai iaşə obyektlərində, ticarət mərkəzlərində daha çox miqrantlar çalışırdı, amma indi onlara qarşı amansız tədbirlərə əl atılması, onlara qarşı təqiblərin artması, qanunların sərtləşdirilməsi bu baxımdan narazılıqlara gətirib çıxaracaq. Son dövrlərdə artıq Rusiya cəmiyyətində də bu məsələ ilə bağlı ciddi narazılıqlar var. Rusiyada bu problemlər gələcəkdə daha ciddi xarakter ala bilər. Ona görə də, Rusiya hökuməti indidən yarana biləcək narazılıqları düzgün hesablamalı, bu istiqamətdə müəyyən qədər yumşaltma prosesi həyata keçirməlidir.”
Nurlan Cəfəri












