“Nə etdik sizə, bizi kafirlərə verirsiz?
Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası…”
2014-cü ildə Türkiyədə prezident seçkiləri ərəfəsində Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyip Ərdoğan Antalyada yerli əhali ilə görüşü zamanı azərbaycanlıların ruslar tərəfindən güllələnməsindən danışıb. Ərdoğan həmin dönəmi xatırladıb:
“Azəri qardaşlarımız Boraltan körpüsündən qarşı tərəfə keçdilər və əsgərlərimizin gözü qarşısında güllələndilər. Qarşı tərəfə nə dedilər, bilirsinizmi? “Bizi onlara saxlamayın, siz güllələyin” deyə yalvarırdılar. Hətta bu acı xatirədən bir şərqi də qalmışdı: “Önünə qatdı məni, qardaşım satdı məni…”. Ah, CHP, nə deyim, sən azəri qardaşlarını Stalinə satacaqsan və onlara tamaşa edəcəksən. Ondan sonra da “biz bu ölkədə beləydik, eləydik”, deyib, özünü dağın başına qoyacaqsan, hə? Keçmişi heç kim unutmur”.
Bu çıxışdan sonra Türkiyənin media və ictimai dairlərində “İnönü iqtidarının Azərbaycana xəyanəti” adlı mövzular gündəmə gəldi. 146 azərbaycanlının SSRİ-yə təslim edilməsini və Qars sərhədindən Boraltan körpüsünü keçən kimi onların sovet əsgərləri tərəfindən güllələnməsi hadisəsini qabartmağa başladılar.
Məsələ ilə bağlı Yenicag.az-ın suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb.
– “İnönü iqtidarının Azərbaycana xəyanəti” mövzusu gündəmə gəldi. Həqiqətən də belə bir şey olubmu?
– Bu mövzu ilə bağlı araşdırma aparmağa başlayanda rastıma çıxan mənbələrin əksəriyyətinin ermənilər tərəfindən yazıldığının şahidi oldum. “Niyə erməni mediası və yazarları bu məsələni daha çox qabardırlar?” sualına, əlbəttə, ilk baxışdan “iki dövlət arasına nifaq salmaq məqsədi güddükləri üçün” cavabını verərsiz. Lakin əsl həqiqət budur ki, həmin faciənin kökündə erməni diasporunun Türkiyəyə ərazi iddiaları, bu hadisədə SSRİ rəhbərliyində olan şəxsləri öz məqsədləri üçün istifadə etmələri və II Dünya Müharibəsindən sonrakı siyasi proseslər durur. CHP liderləri bu hadisəni “Türkiyə SSRİ kimi nəhəng bir dövlətlə üz-üzə gəlməməsi, Qarabağ, Naxçıvan və Türkiyənin bir hissəsinin Ermənistana verilməməsi üçün 146 azərbaycanlının qətlinə razı olub…” kimi əsaslandırmalar etməyə başladılar.
1938-ci ilin 10 noyabrında Atatürkün vəfatı Sovet-Türkiyə münasibətlərində başlanan soyuqlaşmanı daha də dərinləşdirdi. Atatürkün vəfatından sonra, 1938-ci il, noyabrın-11-də İsmət İnönü Türkiyə Böyük Millət Məclisində ölkənin II prezidenti seçildi. Bununla yanaşı, CHP-yə sədr gətirildi. CHP-nin 1938-ci il, dekabrın 26-da keçirilən I Fövqəladə Qurultayında İnönü partiyanın “dəyişməz sədri” seçildi və ona “Milli şef” ləqəbi verildi. İ. İnönü 12 il (1938-1950-ci illər) Türkiyə Cümhuriyyətinə prezidentlik edib. Bu dövrdə Türkiyənin xarici siyasətinin çıxış nöqtəsini ölkəni müharibədən, hərbi əməliyyatlardan kənar saxlamaq, təcavüzün dəf edilməsi üçün etibarlı müdafiə sistemi qurmaq və bu sistemi beynəlxalq müqavilələrlə möhkəmləndirmək təşkil edirdi.
Ötən əsrin 45-50-ci illərində II Dünya müharibəsindən qalib çıxmış SSRİ beynəlxalq nüfuzunun artmasından istifadə edərək, öz təsirini bütün dünyaya, xüsusilə də Yaxın Şərq bölgəsinə yaymağa çalışırdı. Bu zaman həmin bölgədə yaşayan erməni diasporunun nümayəndələri öz xislətlərinə uyğun ikitərəfli siyasətə start verdilər. İdeyaca kommunizmə yaxın olan sosial-demokrat “Hnçak” partiyası SSRİ-nin bu səylərinə dəstək verməyə, milliyyətçi Erməni İnqilabi Federasiyası isə Ermənistan SSR-in müstəqilliyi tələbi ilə çıxış etməyə başladı. Habelə, Erməni Apostol Kilsəsində də parçalanma oldu. Belə ki, ermənilərin 2 katolikosu vardı. Onlardan biri Ermənistanda (Eçmiədzində – red.) fəaliyyət göstərərək, Sovet hakimiyyəti (“Hnçak” təşkilatı tərəfindən –red.), digəri isə Livanda yerləşən “Daşnaksütyun” tərəfindən dəstəklənirdi. Daşnaklar Eçmiədzin kilsəsini qəbul etmək istəmir və onu kommunist rejiminin əlində təbliğat aləti hesab edirdilər. Hətta 50-ci illərdə tərəflər arasında silahlı toqquşmalar, sui-qəsd cəhdləri baş vermişdi.
– SSRİ-Türkiyə münasibətlərinin gərginləşməsində ermənilərin rolu nə idi?
– Qarsdan Təbrizəcən – Sovet Ermənistanı da daxil olmaqla “Böyük Ermənistan” yaratmaq haqqında fikirlər SSRİ rəhbərliyində təmsil olunan ermənilərlə Amerika erməniləri milli şurasının birgə planı idi. Bu plana uyğun olaraq, Sovet hökuməti üçün Mosul neftindən yararlanmaq təklifi irəli sürülmüş, buna isə yalnız erməni və kürd məsələlərinin həllindən sonra nail olmağın mümkünlüyü bildirilmişdi. Artıq o zaman SSRİ-də İ. Baqramyan – Sovet İttifaqı marşalı, SSRİ Müdafiə Nazirinin müavini, A. Babacanyan – Sovet İttifaqı Qəhrəmanı, Baqyan – Sovet İttifaqı Qəhrəmanı, general-mayor və SSRİ dövlət xadimi, siyasət adamı Anastas Mikoyan vardı.
Bu fonda artıq SSRİ-Türkiyə münasibətləri gərginləşməkdə idi. Bu gərginliyin birinci səbəbi Türkiyənin II dünya müharibəsindən sonra mühacirlərə, xüsusən azərbaycanlılara və alman orduları tərəfində vuruşan türk əsilli sovet vətəndaşlarına qucaq açması idi.
1945-ci il fevral ayının 4-də ABŞ, Böyük Britaniya, sovet dövlətlərinin iştirakı ilə Krımda keçirilən məşhur Yalta konfransında qərara alındı ki, II Dünya müharibəsi başa çatır, müharibədən sonra hər bir dövlət digər dövlətin vətəndaşını ona qaytarmalıdır. Yəni İngiltərə sovet vətəndaşını sovet dövlətinə, Sovet dövləti İngiltərə vətəndaşını İngiltərəyə qaytarmalı idi.
– Bu qərar çıxdıqdan sonra Türkiyə hansı addımı atdı?
– O zaman adıçəkilən qərar əsasında Türkiyə ABŞ və Böyük Britaniyanın təsiri altında, eyni zamanda Sovet dövlətindən ehtiyatlanaraq, gərginlik yaşanmaması üçün onun ərazisinə gələn sovet vətəndaşlarını verməli idi. Lakin Türkiyədə milli qüvvələr bunun əleyhinə idi, türklərin sovetlərə təhvil verilməsinə qarşı çıxırdılar. Digər tərəfdən, Türkiyə etibarlı və güclənən dünya dövləti kimi tanınırdı, Almaniyaya siyasi dəstək verir və ən əsası, rəqib ABŞ-ı strateji coğrafiya olaraq özünə cəlb edirdi. Bu səbəbdən də Stalin Türkiyəyə qarşı hərbi güclə müdaxiləyə hazırlaşmaqla bərabər, siyasi-ideoloji, hədələyici-təhdidedici planlar, təxribat və pozuculuq işləri başlanmasına əmr verir.
– Hansı işlər görüldü?
– Stalin bu məqsədi üçün ermənilərdən istifadə etməyə qərar verir və eyni zamanda kürdləri də bu prosesə qoşur. Türkiyəni “soyqırımda” ittiham etmək, Sovetlərin yeni formalaşması dövründə Türkiyənin onları aldadaraq, Sovet Ermənistanının “əsas torpaqlarını” verməməsi və “Kürdüstan” adlanan dövlətin qurulması Stalinin planına xidmət edən ittihamlar idi. 1944-cü ilin əvvəllərindən başlayaraq, Sovet ordusunun cəbhələrdə qələbəsi SSRİ-nin Türkiyəyə təzyiqlərinin artması ilə müşayiət olunurdu. Sovet xüsusi xidmət orqanları, kəşfiyyat idarələrinin Türkiyə haqqında topladığı materiallar indi artıq ona qarşı müxtəlif təzyiq imkanlarını əldə etmək xarakteri daşıyırdı.
Stalin İsmət İnönünün 1941-ci ildə Almaniyanın sovetlərə hücum edəcəyi barədə xəbərdarlıq etməsini belə unudaraq, ona qarşı aqressiv mövqedə dururdu. 1944-cü ilin payızında Boğazlar rejiminə dair “Montrö sazişi”nin dəyişdirilməsi Türkiyəyə münasibətdə Sovet İttifaqının siyasətinin çıxış nöqtəsini təşkil edirdi. 1945-ci ilin aprel ayında 1931-ci ildə imzalanan “Bir-birinə hücum etməmək haqqında” SSRİ-Türkiyə müqaviləsinin ləğv edilməsi haqqında fərman verilir. Bunun ardınca Stalin Potsdam konfransında aşkar surətdə Türkiyədən Ermənistana və Gürcüstana torpaq verilməsi tələbi ilə çıxış edir. Bosfora və Dardanelə sovetlərin nəzarət edilməsinin tələbi ilə çıxış edən Stalin 30 hərbi birliyin Türkiyə sərhədinə toplanmasını əmr edir.
Ermənilər bu məqamdan istifadə edərək, guya xaricdən çoxlu sayda erməninin Ermənistana gəlmək istəməsi və onların yerləşdirilməsi üçün ərazilərin kifayət etməməsi, bunun üçün də oradan azərbaycanlıların çıxarılıb, Azərbaycana göndərilməsinin zəruriliyi haqda Moskva rəhbərliyi qarşısında məsələ qaldırdılar. Erməni planına görə, Türkiyənin qarşısını yalnız onlara qarşı qisas hissi bəsləyən ermənilər ala bilərdilər.
– Belə gərginliyin aradan qaldırılması üçün hansı addımlar atıldı?
– Bu cür gərgin bir dövrdə SSRİ-Türkiyə müharibəsinin qarşısının alınması üçün diplomatik danışıqlar gücləndirildi. Türkiyə mediasında SSRİ əleyhinə heç bir xəbərə imkan verilmirdi. Mətbuat yayım direktoru Səlim Sarper ilə görüşən Sovet İttifaqının Türkiyədəki səfiri Vinoqradov, Stalinin hücum etməmək barədə müqaviləni yeniləyəcəyini xəbər verir. Onların arasında belə bir dialoq gedir:
“ Siz də Sovetlər Birliyinə bir jest edin” deyir. “Nə edək?”. “Sizdəki Sovet vətəndaşları olan vətən xainlərini bizə verin”. “Onda biz də sizdən bizim vətənə xəyanət edənləri istəyirik…” (SSRİ-yə qaçan 15 kommunist – Z.Ə.).
– Bu danışıqlardan sonra nə baş verir?
– Səlim Sarper Çankaya sarayında vəziyyəti Prezident İsmət İnönüyə çatdırır və deyir ki, biz bu addımı atmasaq, Türkiyə müharibə ilə üzləşəcək, Ermənistana ərazilər veriləcək.
O zaman Türkiyədə sığınacaq alan 1100 nəfərin içərisindən bir qrupunu seçib, sovetlərə təhvil vermək Səlim Sarperə həvalə edilir. Seçilən 417 nəfərin çoxu azərbaycanlılar və tatarlar idilər. O siyahıda ahıska türkləri də vardı…
1945-ci ilin may ayında Ankaradakı Sovet İttifaqı səfirliyinin notasından sonra 3/2563 saylı qərarla 407 nəfərin sovetlərə geri göndərilməsinə dair əmr verilib.
HAŞİYƏ:
O zaman adıçəkilən qərar əsasında Türkiyə ABŞ və Böyük Britaniyanın təsiri altında, eyni zamanda Sovet dövlətindən ehtiyatlanaraq, gərginlik yaşanmaması üçün onun ərazisinə gələn sovet vətəndaşlarını SSRİ-yə təhvil verməyə başladı. Türkiyə ərazisinə gələn Azərbaycan vətəndaşları o zaman müharibədə əsir düşən və yaxud könüllü şəkildə almanların tərəfinə keçən legionerlər idi. Həmin legionerlər Türkiyəyə pənah gətirmişdilər, amma Krım müqaviləsinə əsasən, Türkiyə dövləti onları SSRİ-yə təhvil verməyə “məcbur” idi. Türkiyədə bilirdilər ki, əsirlər təhvil veriləndən sonra onlar SSRİ tərəfindən ya güllələnir, ya da ömürlük olaraq Sibirə göndərilirdi. Bunu bilən soydaşlarımızın 128 nəfəri Amerika nəzarətində olan ərazidə, Vyana yaxınlığındakı düşərgədə qaldıqları taxta evə od vurub, diri-diri yanaraq, intihar etmişdilər. (Qeyd: yalnız ermənilər istisnaydı – təqribən 3600-4000 nəfər erməni legionerlərdən biri də SSRİ-yə qaytarılmadı və onlara istədiyi ölkəyə keçmək azadlığı verildi).
Türkiyədə eyni zamanda ruslar və azərbaycanlılardan siyasi sığınacaq almağa gələnlər də vardı. Azərbaycanlılar Yozqatda, ruslar isə Manisa düşərgəsində saxlanılırdı. Berlinin işğalından sonra burda yaşayan və oxuyan, içərisində azərbaycanlı mühacirlər də olan çox sayda şəxs Türkiyəyə gəlmişdi.
– İsmət İnönünün bu əmrindən sonra azərbaycanlılar nə edir?
– İsmət İnönünün “Əsirləri dərhal geri qaytarın!” əmrini eşidən azərbaycanlılar belə deyirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.
Yozqatda düşərgədə saxlanılan və azad edilən Bayram Qara adlı azərbaycanlı xatirəsində yazır: “Biz Rusiyaya təhvil veriləcəyimiz barədə xəbəri gecədən öyrənmişdik. Səhərə qədər yatmadıq. Nə edəcəyimizi bilmirdik. Səhər podpolkovnik Əbdürrəhman Öncür məni çağırıb, qəhvəyə qonaq etdi və dedi: “Oğlum, müharibə qurtardı. Neçə ildir bizim əsgərlərimizlə birlikdə yediniz, içdiniz, qaldınız. İndi sizi hökumət sərbəst buraxır. Türkiyədə qalan qalsın, başqa dövlətlərə getmək istəyən başqa dövlətlərə getsin. Artıq sərbəst buraxılacaqsınız. Ancaq səndən xahişim budur ki, hamıya səslən. Hamısını yığ, de ki, günorta vaxtı saat 12:00-də əşyaları ilə birlikdə hazır olsun. Sizi aparmağa gələnə qədər imkan olduqca dostlarından kimi bacarırsansa, götür, aradan çıx…”
Qaçan qrupda 34 nəfər olub. Onlardan Qədim, Bayram, Mahmud, Nadir, Abbas, Rza, Əli, Məmməd, Allahverdi, Möhsün, Aydın, Abdullah, Cəfər, Surxay, Məmməd İbrahim, Hacı, Paşa, Nuri, Musa, Mahmud və Aslanın adı məlumdur.
Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri qaçmağa imkanı olmayan 200 şəxsi Sovet İttifaqına təslim etmək məcburiyyətində qalır. Təslim etmək üçün aparılanlar yolda onlara verilən yeməkdən imtina edirdilər. Ərzurumda da yemək veriləndə, günlərdir ac-susuz olmalarına və Süheyl adlı zabitin israrlı xahişlərinə baxmayaraq, ağızlarına bir tikə belə qoymurlar. Verilən yeməyi qatardan çölə atırlar. Komandir onların bu halına dözə bilməyərək ağlayır. Dustaqlar arasındakı özbək əsilli bir müəllim qışqırır: “Biz “ana vətənimiz”, deyib, sizə sığındıq. Bizi niyə rusun əlinə verirsiniz? Nə etdik sizə də, kafir əlinə təslim edirsiniz?”
Bundan sonra həmin özbək və 11 rus qatarın dəmir barmaqlıqlarını kəsib, yolda qaçırlar. Azərbaycanlılar isə qaçmaqdan imtina edirlər. Onlar ciblərində olan pulları və geyimlərini qatarın pəncərəsindən yerə tullayır, ruslara qismət olmasını istəmirdilər.
Qrupun 80 nəfəri Azərbaycan türkü olub. Digərləri isə özbək, qırğız, qazax, Ahıska türkü, gürcü və ruslardan ibarət idi. Təslim prosesində iştirak edən zabitlərdən biri həmin anları belə xatırlayır:
“Sovet əsgərləri Boraltan körpüsünü keçib, onlara təslim edilənlərin başlarını örtdülər. Düz bir talaya apardılar. Gümrü tərəfdən bir avtomobil gəldi və oradan iki şəxs düşdü. Gəncləri toplayıb, əl-qollarını yelləyərək, bir şeylər danışdılar. Amma nə danışdıqlarını başa düşmədik. Yarımsaatlıq bir söhbətin ardından Gümrü tərəfdən üç tank çıxdı. Əsirləri üç sıraya düzdülər. Yalnız iki qadını ayırıb, avtomobillə göndərdilər. Tanklar əlibağlı insanların üzərindən keçərək, onları vəhşicəsinə əzməyə başladılar. Qaçmağa çalışanları isə əsgərlər güllələyirdilər. Öldürülənlər “Yaşasın Türkiyə”, deyərək, can verirdilər”.
Bir faktı deyim ki, körpünün digər tərəfində duran türk zabitlərindən biri geri qaytarılan insanların başlarına gətirilənləri görəndən sonra ağlını itirmişdi. O, müalicə almaq üçün göndərildiyi xəstəxanada rəhmətə getdi. Həkimlərin sözlərinə görə, həmin zabit “türk qardaşlarım məni çağırır, onlar qışqırır, nalə çəkir… Allahım, keç günahımdan”- deyərək, can vermişdir.
– Azərbaycanlıların təhvil verildikdən sonra güllələndiyini biləndən sonra hansı addımlar atıldı?
– 146 nəfərin Sovet dövlətinə verildikdən sonra güllələnməsi haqqında məlumat Türkiyə cəmiyyətinə və ictimaiyyətinə çatdırıldı ki, bu da böyük etiraz doğurdu. Bir qədər sonra ABŞ və Böyük Britaniya həmin əsirlərin SSRİ tərəfindən güllələndiyini bildikdən sonra rəsmi şəkildə etiraz bildirdilər.
– Azərbaycanlıların təhvil verilməsi Türkiyə-SSRİ münasibətinə hansı təsir göstərdi?
– Bu hadisədən sonra SSRİ və Türkiyə arasında gərginlik azalmağa başladı. Daha sonra ikitərəfli səfərlər oldu, dostluq müqavilələri imzalandı. III Dünya Müharibəsi 146 türkün qanı sayəsində dayandı. Ermənilərin Türkiyədən torpaq almaq arzuları gözlərində qaldı. Dağlıq Qarabağ və Naxçıvan Azərbaycan ərazisi kimi toxunulmaz oldu.
– Bu hadisə Türkiyə Böyük Millət Məclisində müzakirə edilib?
– Bəli. Sözügedən hadisə 1951-ci ildə Türkiyə siyasi dairlərində və Böyük Millət Məclisində müzakirə olunub. “Türkiyə Böyük Millət Məclisinin Protokol Jurnalı, Dövr IX, Cild.9, Toplantı 1, 18.07.1951, Çərşənbə” adlı sənəddə qeyd edilir ki, çıxış edən millət vəkili Şevket Mocan “Bizdəki bir dövrün adamları tariximizə bu ləkə yazdılar, qaçqınları ekstradisiya etdilər, dostlar qətl edildilər”, deyə, çıxış edib.
CHP iqtidarının qaçqınları ekstradisiya etməsi məsələsi 1965-ci ildə, seçkilər ərəfəsində də gündəmə gətirildi. “Ədalət” qəzetinin 7 oktyabr 1965-ci il tarixli buraxılışında çıxan imzasız baş məqalədə İnönünün günahları arasında sayılan, ağılarda, şeirlərdə ifadə edilən bu acı hadisələr yazılmışdı. Hətta Mehmet Kılıçın 1977-ci ildə ekranlaşdırdığı və Cüneyt Arkın, Oya Aydoğan, Baki Tamer kimi aktyorların rol aldığı “Günəş nə vaxt doğacaq” adlı filmdə Boraltan faciəsi işıqlandırılmışdır. Filmin titr səhifəsində qeyd edilmişdir:
“1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə pənah gətirən, daha sonra düşmənə təhvil verilərkən sərhəddə şəhid olan 150 türkün əziz xatirəsinə həsr edilib”.
Bu hadisənin şahidi olan Türkiyə sərhəd məntəqəsinin rəisi evinə döndükdən sonra gördüklərinə dözə bilməyərək, intihar edib…
…Bu hadisədən sonra M. Bağırov 21 oktyabr 1945-ci il tarixdə Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikova və eyni zamanda L.P.Beriyaya məktub yazır və öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin məqsədəuyğun olmadığını qeyd edərək, Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə Mosula yiyələnərək, İraqdakı neft yataqlarına sahib çıxmağın daha əlverişli olduğunu vurğulayır. Və bundan sonra hadisələr tam başqa coğrafiyada davam edir…
Səxavət Məmməd
www.yenicag.az