“2024-cü il Rusiya üçün mürəkkəb keçdi. Hərbi əməliyyatlar, Yaxın Şərqdəki gərginliklər və ABŞ-nin geosiyasi təsirindən yayınma cəhdləri ili xarakterizə etdi”.
Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov “Hraparak” qəzetinə verdiyi müsahibədə danışıb.
Tarasov ABŞ-dəki prezident seçkilərindən sonra yeni administrasiyanın geniş problemlər üzrə danışıqlara başlamaq üçün imkan yaradacağını gözlədiyini bildirib.
Analitik qeyd edib ki, Ermənistan kritik vəziyyətdədir. Onun sözlərinə görə, sülh müqaviləsi hələ də imzalanmayıb, bu barədə diplomatik irəliləyişlər yoxdur, Rusiya ilə münasibətlər gərgin olaraq qalır və Ermənistan Qərbə yaxınlaşmağa çalışsa da, bu balanssız siyasət ölkəni qeyri-müəyyən vəziyyətdə saxlayır.
Politoloq vurğulayıb ki, 2025-ci il Ermənistan üçün həlledici olacaq. O, bunun, əsasən, sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması ehtimalları ilə bağlı olduğunu bildirib.
“Əgər sülh müqaviləsi imzalanarsa, Ermənistan beynəlxalq izolyasiyadan çıxacaq. Əks halda, Ermənistan KTMT və digər postsovet birliklərindən uzaqlaşmaqla özünü çətin vəziyyətə salacaq və Qərbin dəstəyinə arxalanmaq mümkün olmayacaq”, – deyə Tarasov xəbərdarlıq edib.
Tarasov Ermənistanın geopolitik mövqeyinə uyğun olmayan siyasət yürütməsini “avantürizm” adlandırıb və bunun ölkəni “uçuruma apardığını” vurğulayıb. O, xüsusilə Baş nazir Nikol Paşinyanı və onun komandasını tənqid edib:
“Ermənistan yalnız Rusiyaya yaxınlaşmaqla xilas ola bilər. Əks halda, ölkə böyük fəlakətlə üzləşəcək”.
Rafi Müslümov
www.yenicag.az