“Ermənistan dövlətinin qarantı Türkiyə olacaq”.
Bu fikri baş verən proseslərdən sonra Azərbaycanla Ermənistan arasında baş tutacaq sülh danışıqları və hadisələrin necə cərəyan edəcəyini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.
Zərdüşt Əlizadə bildirib ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq:
“Oktyabr ayının əvvəlində İlham Əliyevlə Nikol Paşinyan İspaniyanın Qranada şəhərində görüşəcək. Orada sülh müqaviləsini nə zaman imzalayacaqlarını razılaşacaqlar. İlin sonuna qədər sülh müqaviləsi imzalanacaq. Həm Ermənistana, həm də Azərbaycana belə müqavilə lazımdır.
Sülh müqaviləsi imzalanan gün, ya da bir gün sonra Ermənistan-Türkiyə münasibətləri tənzimlənəcək. Bununla bağlı artıq zəmin hazırdır. Bunların hamısı ildırım sürəti ilə tənzimlənəcək. Bundan sonra Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında normal qonşuluq münasibətləri olacaq. Delimitasiya komissiyası işə başlayacaq. Kommunikasiya xətləri işə düşəcək. Bir qədər sonra gediş-gəlişin başlayacağını da görə bilərik. Ermənistanın ən sadiq təhlükəsizlik zamini Türkiyə olacaq.
Ermənistanın Qərbə yolu Türkiyədən keçəcək. Ermənistan yarımblokada şəraitindən çıxacaq, bütün qonşuları ilə normal münasibətləri olacaq”.
Səxavət Məmməd
www.yenicag.az