İctimai və dövlət maraqlarının qorunması başlıca məqsədlərdən biridir. Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bəllidir ki, dövlətimizdə həyata keçirilən çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan hər istiqamətdə – siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan post-müharibə dövründə də bir çox uğurlu nəticələr əldə etdi. Qarabağda suverenliyini və tam hüquqlu yurisdiksiyasını təmin edən Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və Naxçıvanla quru nəqliyyatının təmin olunması istiqamətində bir sıra ciddi nəticələr qazanıb.
Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, Ermənistanla Azərbaycan arasında olan münasibətlər artıq yekun mərhələyə daxil olub və burada son şərtlərin müzakirəsi gedir:
“Azərbaycan öz şərtini açıqlayıb və birmənalı şəkildə söyləyib ki, Ermənistan konstitusiyada dəyişiklik edib, ATƏT-in Minsk qrupundan da imtina etməlidir. Minsk qrupundan imtinanı, yəqin ki, ermənilər mümkün bir variantda həll edə bilərlər. Çünki hər iki dövlət artıq Minsk qrupunun yaranma mahiyyətini və yekun nəticələrini qəbul edirlər ki, onun fəaliyyəti heç bir fayda vermədi və problem də həllini tapmadı. Onlar həm erməniləri arxayın elədi ki, onları müdafiə edəcək, həm də Azərbaycanın hüquqlarına qarşı gəldilər”.
“Ona görə də bu məsələdə daha fərqli bir mövqe deməyi təklif etdik ki, bundan imtina olunur və yeni yol açılır. Eləcə də artıq beynəlxalq vasitəçi sözü gündəmdən qalxır. İkincisi isə digər məsələlərin həlli istiqamətində konstitusiya dəyişikliyidir. Ermənilər bunu etsə, məncə, sülh sazişinin imzalanması üçün problem qalmayacaq”, – deyə BQP sədri əlavə edib.
Politoloq Azad Məsiyev isə Yenicag.az-a bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan de-fakto öz ərazi bütövlüyü və suverenliyini həll etdi:
“Eləcə də məsələnin de-yure həlli üçün mütləq şəkildə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Əslində, sülh sazişinin imzalanması Azərbaycandan çox Ermənistana lazımdır. Ancaq bu gün Ermənistan sülh sazişinin imzalanması üçün bir neçə şərtləri həyata keçirməlidir. Bildiyiniz kimi, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddialarla bağlı müddəalar var. Sülh sazişinin təməl prinsipinin əsası isə budur ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və Ermənistan konstitusiyasında Azərbaycan torpaqlarına ərazi iddiası qeyd olunur. Belə olan təqdirdə, sülh sazişi ilə Ermənistan konstitusiyası arasında bir ziddiyyət yaranır. Bu baxımdan, Ermənistan sülh sazişinə getmək istəyirsə, mütləq konstitusiyasında dəyişikliklər etməlidir”.
Onun sözlərinə görə, Ermənistan konstitusiyası xalqın iradəsi ilə formalaşıb:
“Bu gün baş nazir Nikol Paşinyan hər hansı bir sənədə imza atsa da, konstitusiya onun imzasından daha səlahiyyətlidir. Sabah Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu zaman Ermənistan Konstitusiya Məhkəməsi Paşinyanın imza atdığı sənədin konstitusiyaya zidd olduğunu bəyan edə bilər. Bu baxımdan, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, üzərinə bir neçə öhdəlik götürüb, onu yerinə yetirməlidir. Azərbaycanın bu məsələdə haqlı tələbi ondan ibarətdir ki, öncə konstitusiyaya dəyişiklik edilsin; ikincisi, Ermənistan öz üzərinə götürdüyü nəqliyyat-kommunikasiya infrastrukturunun açılmasını həyata keçirsin. Çünki sülh sazişi imzalansa və nəqliyyat infrastrukturu açılmasa, bu, sonradan iki dövlət arasında mübahisələr yarada bilər”.
Eskpertin qənaətinə görə, bundan başqa, sərhədlərin müəyyən edilib dəqiqləşdirilməsi prosesidir ki, bu da çox prinsipial bir məsələdir:
“Ümumilikdə Ermənistan bir neçə məsələləri köklü şəkildə həll etməlidir. 30 illik Ermənistan qeyri-rəsmi məlumatlara görə Azərbaycana təxminən 300 milyard ziyan vurub.Ermənistan bu ziyanı kompensasiya şəklində ödəməlidir. Bununla yanaşı, İrəvan Xocalı soyqırımı məsələsini qəbul etməlidir. Həmçinin Azərbaycan mina terroruna məruz qalıb deyə Ermənistan mina xəritələrini də təhvil verməlidir. Əgər Ermənistan dinc və yanaşı yaşamaq prinsiplərinə əməl etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın haqlı tələblərini həyata keçirməlidir. Ermənistan sadaladığım problemləri həll edərsə, onda Azərbaycan cəmiyyətinə bir fikir formalaşar ki, İrəvan həqiqətən də sülhə getmək istəyir”.
“Ümumilikdə, Azərbaycan 44 günlük Vətən savaşından sonra bütün məsələlərdə dövlətin milli maraqlarını hər şeydən önə çəkib və ermənilərin qeyri-konstruktiv davranışlarına cavab verməkdədir. Qarşıdan COP29 tədbiri gəlir ki, Azərbaycan sözügedən beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu baxımdan, Azərbaycan Ermənistana müraciət edəcək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirdə iştirak etsin. Əgər Paşinyan Azərbaycanın dəvətini qəbul edib tədbirdə iştirak edəcəksə, bu, sülh sazişinə doğru atılan bir addım ola və Ermənistanın niyyətini göstərə bilər ki, Ermənistan Azərbaycanla dinc yanaşı yaşama prinsiplərinə əməl etmək və düşmənçilikdən əl çəkmək istəyir. Əgər Paşinyan Azərbaycana gəlməyəcəksə, bu, bir daha mesajdır ki, Ermənistan öz niyyətlərindən vaz keçmək niyyətində deyil”, – deyə A. Məsiyev söyləyib.
Ekspert hesab edir ki, Ermənistanın davranışlarından asılı olmayaraq, Azərbaycan bütün məsələlərdə konstruktiv və prinsipial mövqe tutub:
“Ona görə ki Azərbaycan 44 günlük Vətən savaşı, eyni zamanda, birgünlük antiterror əməliyyatlarından qalib tərəfdir. Ermənistan kapitulyasiya sənədinə imza atmaqla məğlubiyyətini etiraf edib. Ümumilikdə, bütün məsələlər – istər 10 noyabr sazişinin bütün müddəaları Azərbaycanın dövlət və milli maraqlaırna uyğundur; istərsə də işğalda olan 4 kəndimizin hərbi güc tətbiq edilmədən geri qaytarılması ölkəmizin prinsipial məsələsidir. Yəni bu kəndlər qaytarılmalıdır ki, sülh sazişi mövzusundakı dialoq davam etdirilsin. Çünki Ermənistan bu gün də Azərbaycanın 4 kəndini işğal altında saxlayır”.
O xatırladıb ki, Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir:
“Bu varislik məsələsi bir çox sahədə özünü göstərməkdədir ki, o cümlədən ərazi məsələsində də varislik yer alıb. 1918-ci ildə Azərbaycanın 114 min kv.km ərazisi olub. Azərbaycan xalqı öz tarixi dədə-baba torpaqlarını ermənilərə verməkdə maraqlı deyil. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının yaradılması və onların öz torpaqlarına qaytarılması üçün çağırışlar edilib, beynəlxalq təşkilatlara, eləcə də Ermənistan rəhbərliyinə müraciətlər edilib”.
Siyasi təhlilçi onu da vurğulayıb ki, Azərbaycan dövləti bir çox sahələrdə xalqın və ölkənin milli maraqlarını qoruyub və bu gün də qorumaqdadır:
“Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yürütdüyü siyasət də özünü göstərməkdədir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə dəfələrlə bəyan edib ki, Azərbaycan dinc yanaşı yaşamaq prinsipinə həmişə əməl edib, buna sadiqdir və xarici siyasətində beynəlxalq hüquq prinsiplərini meyar tutur. Bu baxımdan, Azərbaycan fəaliyyətlərində region dövlətləri ilə problem yaşamır. Bu gün Ermənistana olan çağırışlarımız ondan irəli gəlir ki, Ermənistanın siyasəti regionda stabilliyi pozmağa hesablanıb və Ermənistan rəhbərliyi bu siyasətindən əl çəkərsə, qonşularla iqtisadi-siyasi münasibətlərini həll etmiş olar. Bu baxımdan, Ermənistanın üzərinə məsuliyyət düşür və onlar bunu dərk edib qərar verməlidir. Ermənistan ilk növbədə, konstitusiyanı dəyişməli və sadalanan problemlərin köklü həllini tapmalıdır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Rafi Müslümov
www.yenicag.az