Sülh sazişinin imzalanmamasının PƏRDƏARXASI: “Rusiyanın “xeyir-dua” xülyasını Azərbaycan ordusu dağıtdı”

“Dağlıq Qarabağ münaqişəsini başlayan, qızışdıran, donduran Rusiya olub”.

Bu sözləri müharibədən sonra sülh müqaviləsinin bağlanılmamasını, danışıqların tamamilə dayandırılmasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, münaqişənin davam etməsini Rusiya ilə yanaşı Qərb də istəyir:

“İkinci Qarabağ münaqişəsinin başlanmasına da Rusiya “xeyir-dua” verdi. Azərbaycan ordusu heç kimin gözləmədiyi halda böyük hücum əməliyatı keçirdi, Xankəndinin yarım kilometrliyində də Rusiya dayandırdı. Rusiya sülhməramlı qüvvələrinin dislokasiyası keçmiş Dağlıq Qarabağ vilayətini əhatə edir. Rusiya sülhməramlıları Azərbaycan ərazisində əyləşib. Rusiya Dağlıq Qarabağı ona görə qorudu ki, onun subyekt hüququ olsun. Yəni, onun vasitəsi ilə bölgədəki münaqişəni tənzimləmək üçün hüququnu özündə saxlasın və bölgəyə nəzarət etsin.

Əgər Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatması barədə hansısa bir sülh sazişi imzalansa, Rusiya qoşunları bölgədən çıxmalıdır. Rusiya Ermənistana tam nəzarət edir. Üçtərəfli bəyanatdan sonra Ermənistanın üzərinə düşən öhdəliklər var idi. Bu öhdəlikləri yerinə yetirməməkdə əsas rol Rusiyanındır.

İkinci Qarabağ müharibəsinin məntiqi sonu ola biləcək sülh müqaviləsi Rusiya sayəsində imzalanmır.

Yaxın günlərdə xeyli sayda erməni hərbçiləri Laçın dəhlizindən keçərək Qarabağa gediblər. Rusiya sülhməramlıları onlara mane olmayıb”.

Səxavət Məmməd