Sumqayıtda 70 illik bina uçmaq ÜZRƏDİR: İcra hakimiyyəti niyə laqeydsizlik EDİR? – ŞİKAYƏT/FOTO

media-hightechnic-468x90

Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 nömrəli yataqxananın binasında yaşayan sakinlər illərdir davam edən təhlükəli vəziyyətdən şikayətçidirlər.

Yenicag.az-ın redaksiyasına müraciət edən həmin binanın sakini Nurəliyeva Asiya Mirməhəmməd qızı bildirib ki, bina artıq 10 ilə yaxındır qəzalı vəziyyətdə olsa da, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.

“70 ilin binasında yaşayırıq. 10 ilə yaxındır həmin bina ortadan çöküb və qəzalı vəziyyətdədir. Rəylər və dəlillərlə dəfələrlə sübuta yetirmişik. Bütün qurumlara vəziyyətlə bağlı məlumat vermişik. “Jek”ə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nazirlər Kabinetinə və həmçinin digər müraciət olunacaq hər bir yerə xəbər etmişik. Gəlib çəkirlər, şikayətə baxırlar, lakin hələ də tədbir görülməyib, elə hər şey olduğu kimi qalır”, – deyə o qeyd edib.

Sakin əlavə edib ki, hazırda zəlzələlərin tez-tez baş verdiyi bir dövrdə bu cür vəziyyətdə yaşamaq həyati risk daşıyır:

“Zəlzələnin aktiv olduğu bir vaxtda yaşayırıq. Kim qarantiya verir ki, başımıza heç nə gəlməyəcək? 3 ballıq zəlzələ belə olsa, bu bina yerə batacaq. Hazırda burada 130-140 ailə yaşayır. Hər ailədə orta hesabla 4 nəfər olsa, baş verəcək fəlakətin miqyasını təsəvvür etmək belə qorxuludur. Bəs fəlakət baş verəndən sonra kim cavabdeh olacaq, kim bu ailələri həyata qaytaracaq? Artıq yorulmuşuq, yalnız “yaxşı olacaq” deyə boş vədlər verirlər”.

Şikayətçi həmçinin binanın daxilində də vəziyyətin dözülməz olduğunu qeyd edib. Onun sözlərinə görə, zirzəmi su ilə dolduğu üçün evlərdə ciddi nəmişlik var və bu səbəbdən sakinlər tez-tez xəstələnirlər:

“Evin içində nəmdən oturmaq olmur, hamımız xəstəyik. Zirzəmi ağzına qədər su ilə doludur, binanın sütunları uçub, paslı beton dəmirlər çöldə qalıb. Mətbəxlərin tavanı dağılıb, vəziyyət o qədər acınacaqlıdır ki, ikinci mərtəbədən üst qonşunun evi görünür. 15 ildir ki, binada hamam yoxdur. İmkanı olan başqa yerdə çimir. Bununla belə, gəlib bizdən kommunal ödənişlər tələb edirlər. Artıq deyiləsi söz qalmayıb”.

Mövzu ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı.

Sözügedən məsələdə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600