Noyabrın 28-də Suriya münaqişəsinin həlli üzrə görüşün bütün üzvləri, o cümlədən silahlı müxalifət nümayəndələri danışıqlar üçün Astanaya gəlib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Xarici İşlər Nazirliyinin Asiya və Afrika departamentinin direktoru Aydarbek Tumatov məlumat verib.
“Suriya münaqişəsinin həlli üzrə 11-ci beynəlxalq görüşün bütün üzvləri, o cümlədən Əhməd Tomanın başçılıq etdiyi silahlı müxalifət, həmçinin qarant ölkələrin – Türkiyə, İran və Rusiyanın nümayəndələri Astanaya gəlib. BMT-nin nümayəndə heyətinə təşkilatın Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura rəhbərlik edir” – deyə, Tumatov bildirib.
Qeyd edək ki, noyabrın 28-29-da Qazaxıstanın paytaxtında keçiriləcək Suriya münaqişəsi üzrə görüşün əsas mövzuları İdlib rayonunda yaranan vəziyyət və ölkədə konstitusiya komissiyasının formalaşdırılması olacaq. Hökumət və silahlı müxalifət arasında problemli məsələlərin həlli, İŞİD qruplaşmasının qalıqları ilə mübarizə və qaçqınların öz evlərinə qayıtması məsələləri də müzakirə ediləcək mövzular arasındadır.
www.yenicag.az