Suriya ordusu terror təşkilatı YPG-nin işğalı altında olan Qamışlıya daxil olub - FOTO
Suriya ordusu terror təşkilatı YPG-nin işğalı altında olan Qamışlıya rəsmən daxil olub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinə bağlı daxili təhlükəsizlik qüvvələrinin konvoyu Qamışlı mərkəzinə giriş edib.
Şam rəhbərliyi ilə YPG arasında əldə olunmuş mutabakat çərçivəsində reallaşan bu addım, bölgədəki idarəetmənin mərhələli şəkildə Suriya dövlətinə təhvil verilməsini nəzərdə tutur. Məlumata görə, 20 hərbi avtomobildən ibarət konvoy Tel-Barak kəndində toplandıqdan sonra şəhərə daxil olub. Sosial mediada Qamışlı sakinlərinin Suriya bayraqları ilə ordunu coşğu ilə qarşıladığı görüntülər yayılıb.

Daxili təhlükəsizlik qüvvələri Həsəkə şəhər mərkəzində YPG-yə bağlı sözdə “Asayiş” bölmələrinin təhlükəsizlik nöqtələrində araşdırmalara başlayıb. Bu, şəhərdə təhlükəsizliyin tamamilə mərkəzi hökumətə keçməsi istiqamətində atılan ilk ciddi addım kimi qiymətləndirilir. Ordu birlikləri daha əvvəl Həsəkə və Hələbin Aynularab (Kobani) rayonuna daxil olmuşdu.

Xatırladaq ki, yanvarın 30-da Suriya dövlət televiziyası Şam rəhbərliyi ilə YPG arasında atəşkəs və hərbi-inzibati strukturların mərhələli inteqrasiyasını nəzərdə tutan genişmiqyaslı razılaşmanın imzalandığını elan etmişdi.
Digər tərəfdən, Suriyanın Hələb vilayətinin Sırrin qəsəbəsində aparılan axtarış-təmizləmə əməliyyatları zamanı terrorçuların yerləşdirdiyi minaların partlaması nəticəsində 3 Suriya əsgəri həlak olub, 7-si isə yaralanıb. Hazırda Suriya ordusu YPG-dən təmizlənmiş tunellərdə mina axtarışlarını davam etdirir.
Yenicag.az












