“Suriya sərhəddində saxlanılan azərbaycanlıların adlarını bizə demirlər”
Bir neçə gün bundan qabaq Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmağa gedərkən həbs olunan 18 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.
Lakin həmin azərbaycanlıların kim olduqları açıqlanmayıb və onların Azərbaycana ekstradisiyası ilə bağlı məsələ gündəmə gəlməyib.
Yenicag.az xəbər verir ki, Modern.az saytı məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovla əlaqə saxlayıb.
O deyib ki, İŞİD-ə qoşulmağa gedən həmin azərbaycanlılarla bağlı araşdırma aparılır:
“Suriya ilə sərhəddə olan hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq. Bizə dedilər ki, təhqiqat apardıqdan sonra məlumat verəcəklər. Onlar heç bizə saxlanılanların adlarını da deməyiblər”.
İŞİD-ə qoşulmağı planlaşdıran qrup üzvlərinin saxlanmasına səbəb onların sıralarında Moskva Dövlət Universitetinin tarix fakültəsinin 19 yaşlı tələbəsi Varvara Karaulovanın olmasıdır.
Belə ki, tələbə qızının itkin düşməsindən xəbər tutan atası Pavel Karaulov İstanbula gedərək bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Saxlanılan 4 Azərbaycan vətəndaşının isə bu vaxta qədər axtarışda olmadıqları da məlumdur.