TADİV-dən Belçika və Niderland parlamentlərinə SƏRT ETİRAZ
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) Belçika və Niderland parlamentlərində 16 aprel 2026-cı il tarixində qəbul edilən qərarlarla bağlı narahatlığını ifadə edən sərt bəyanat yayıb.
Yenicag.az xəbər ki, bəyanatda bildirilib ki, bu qərarlar Cənubi Qafqazda sülh prosesinin davam etdiyi həssas mərhələdə qəbul olunub və regionda formalaşan normallaşma mühitinə mənfi təsir göstərə bilər.
Vəqfin bəyanatında qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb və tərəflər münaqişənin siyasi baxımdan başa çatdığını bəyan ediblər. Buna baxmayaraq, bəzi parlament qərarlarının Azərbaycanın suverenliyinə və davam edən sülh prosesinə müdaxilə kimi qiymətləndirildiyi vurğulanıb.
Açıqlamada həmçinin bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Belçika və Niderland səfirlərinə rəsmi etirazını çatdırıb.
Sonda Avropa siyasi dairələrinə çağırış edilərək qeyd olunub ki, regionda sabitliyin qorunması üçün gərginliyi artıran addımlardan deyil, sülhü dəstəkləyən mövqedən çıxış etmək vacibdir.
Amir Aqiloğlu













