Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış 1 milyon manata yaxın pulu ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsinin növbəti iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə keçirilən proses hakim təqsirləndirilən şəxs olan Nuridə Seyidovanın “Mərkəzi Klinika”, “Dövlət Gömrük Xəstəxanası” və digər xəstəxana ilə müqavilə bağladığı ortaya çıxıb.
N.Seyidova həmin müqavilələrin vacib olduğu üçün bağlandığını söyləyib.
Məhkəmə qərar verib ki, 2022-2023-cü illər ərzində adı çəkilən xəstəxanalarla Nuridə Seyidova arasında imzalanmış bütün sənədlərin, o cümlədən müqavilələr, xəzinə orderləri, maliyyə sənədləri, hesabatlar, dəftərxana yazışmaları və digər əhəmiyyətli kağızların surəti çıxarılsın və məhkəməyə verilsin.
Bununla bağlı adı çəkilən qurumlara məlumat verilsin.
Daha sonra məhkəmə zərəçəkmişlərdən müxtəlif məbləğlərdə alınan vəsaitlərin kimdə olduğunu müəyyənləşdirmək üçün həmin xəstələri yönləndirən Aynur Bayramovanı dindirib.
Ondan zərərçəkmişlərin hər birindən alınan 10-30 min arası məbləğlərin kimdə olduğu soruşulub. Aynur Bayramova pullardan xəbəri olmadığını bildirib:
“Mən sadəcə xəstələri yönləndirdim. Onları da qan köçürmələri etdiyim dövrdən tanıyırdım. Pulun hamısını Nuridə götürüb. Deyirdi ki, bir xəstəni göndərmişəm Samsunda müalicəyə, digərini başqa yerə. Amma mən heç o xəstəxanaları da tanımırdım. Pulu üç yerə böldüyümüz iddiaları da yalandır. Mən heç bir qəpik də görməmişəm”.
Bu ifadə zərərçəkənlərin etirazına səbəb olub. Aynur Bayramova isə peşman olduğunu dilə gətirib:
“Mən sadəcə xəstələri yönləndirmişəm. Özüm də xəstə uşaq anasıyam. Onların vəziyyətini çox yaxşı anlayıram. Onlardan üzr istəyirəm. Nuridəyə inandığım üçün çox peşmanam”.
Çıxışına davam edən A.Bayramova Nuridə Seyidovaya təhqiredici ifadə işlədib. Buna görə də məhkəmə ona xəbərdarlıq edib.
Daha sonra iclas zalında səs-küy yaranıb.
Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova, A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib külli miqdarda pul mənimsəməyə görə onlar barəsində cinayət işi başlanılıb. İttihama görə, onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim barəsində həbs qətiimkan tədbiri seçilib./unikal
www.yenicag.az