!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış teleaparıcıların KARYERA TRAYEKTORİYASI: Onlar niyə məmur kreslosunu seçirlər? - ARAŞDIRMA/VİDEO

!Reklam – Yazi

“Yetişmiş televiziya aparıcılarını itirməmək üçün media sahəsində stimullaşdırıcı tədbirlər görmək lazımdır”.

Mətbuatda çalışmaq bir çox həmkarımızın bürokratik karyera yüksəlişində mühüm rol oynayıb. Vaxtilə televiziya kanallarında aparıcı olmuş bəzi həmkarlarımız müəyyən müddətdən sonra dövlət qurumları və ya tanınmış şirkətlərdə müxtəlif vəzifələrə təyinat alıblar. Yəni jurnalistikada peşəkarlaşıb özünü təsdiq edən bir sıra qələm sahibləri mediadan uzaqlaşaraq, başqa sferalarda işləməyə üstünlük verirlər.

Ancaq nəzərə alınmalıdır ki, mediada peşəkar kadrların hazırlanması çox uzun və kifayət qədər əziyyətli prosesdir. Xüsusilə, telekanallarda yetişərək, fəaliyyəti ilə ictimai nüfuz qazanan jurnalistlərin özlərinə və sözlərinə cəmiyyətdə hər zaman dərin etimadla yanaşılıb.

Qərbdə, o cümlədən, Türkiyə və Rusiyada televiziya peşəkarlarına iribüdcəli layihələr etibar edilir, onlar çalışdıqları kanalın simasına və reklam ulduzlarına çevrilirlər.

Təəssüf ki, bu sadalanan üstünlükləri Azərbaycana şamil etməyimiz imkan xaricindədir. Mediada karyera qurmaq barədə fikirləşən və buna inananların sayı gün-gündən azalır. Ona görə də, kənar sahələrdən nisbətən məqbul iş təklifi alan həmkarlarımız çox da düşünmədən müsbət cavab verirlər. Nəticədə ölkənin efir məkanı çox sayda peşəkardan məhrum olur.

Yenicag.az olaraq, vaxtilə telekanallarda məşhurlaşan, daha sonra isə məmurluğa doğru kəskin dönüş etmiş həmkarlarımızın “karyera trayektoriyası”nı araşdırdıq.

Televiziya məktəbi keçmiş məşhur simalardan biri Anar Cəbrayıllı olub. O, hazırda “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi kimi fəaliyyət göstərir.

Milli Məclisin deputatı Qənirə Paşayeva əmək fəaliyyətinə jurnalist kimi başlayıb. ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər” redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

Xəzər TV-nin “Xəzər Xəbər” verilişinin aparıcısı, tanınmış jurnalist Anar Nəcəfli “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri kimi çalışır.

2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışan Günel Gözəlova hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat katibi vəzifəsini icra edir.

ATV kanalının sabiq aparıcısı Ceyhun Əli də “AzerTelecom” şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

“ATV” kanalının keçmiş aparıcısı Vaqif Aydınoğlu hazırda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərir.

“Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı, ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı olmuş Murad Həşimov isə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindədir.

ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olan tanınmış telejurnalist Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.

“Azad Azərbaycan” kanalında yayımlanan “İqtisadi zona” verilişinin aparıcısı olmuş Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri kimi çalışır.

Tanınmış jurnalist Günay Malikqızı Milli Olimpiya Komitəsində (MOK) İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Uzun müddətdir ki, “Azad Azərbaycan”, eyni zamada, “Space” telekanallarında müxbir və aparıcı vəzifələrində çalışmış teleaparıcı Nurlan Əliyev isə artıq Daxili İşlər Nazirliyində (DİN) işləyir.

Televiziyanın tanınmış simalarının başqa sahələrə üz tutması tendensiyasını dəyərləndirən professor, teletənqidçi Qulu Məhərrəmli Yenicag.az-a açıqlamasında bildirib ki, ümumilikdə televiziya aparacılarımızın sonradan məmur olmaq istəyinin qarşısını hər hansı yolla kəsmək mümkün deyil. Lakin televiziya aparıcılarının sonradan başqa sahələrə meylli olmaması üçün mediada yeniliklərin edilməsinə və kommersiya şərtlərinin yaxşılaşdırılmasna ehtiyac var.

Mövzuya dair videomaterialı təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

3908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv