Tatarıstanın Yelabuqa şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə yüksəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-i əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.
Bu arada Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti bildirib ki, yaralanan altı nəfərdən üçü xəstəxanaya yerləşdirilib. “Altı yaralı var. Onların həyatı və sağlamlığı təhlükədə deyil. Artıq üç nəfər həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb, daha üç nəfər xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.
Hücum nəticəsində ciddi dağıntı və müəssisələrin işində fasilə olmadığı qeyd edilir.
Bundan əvvəl “Alabuğa” Xüsusi İqtisadi Zonasının (XİZ) mətbuat xidməti məlumat vermişdi ki, çərşənbə axşamı səhər saat 5:45-də “Alabuğa” yataqxanası iki pilotsuz uçuş aparatı tərəfindən vurulub.
“Bu dronlar NATO ölkələrinin avadanlıqları ilə təchiz edilib. 2 nəfər yaralanıb”, – Telegram kanalında yayımlanan məlumatda deyilir.
“Alabuğa” xüsusi iqtisadi zonası Tatarıstanın Elabuqa şəhərindən 10 km aralıda yerləşir.
Yenicag.az
www.yenicag.az