“Arşın mal alan”da Telli, “Qatır Məmməd”də Həbibə, “Qayınana”da Sədaqət, “Alma Almaya bənzər” filmində Mədinə… Hələ neçə-neçə obrazlara da can verəcəkdi, səhnə ilə vaxtsız vidalaşmasaydı… Söhbət Azərbaycan kinosunda yaratdığı yaddaqalan obrazları ilə adını kino tarixinə həkk etdirən gözəl aktrisa, Xalq artisti Səfurə İbrahimovadan gedir.
Səfurə İbrahimova kino yaradıcılığı ilə bərabər səhnədə də maraqlı obrazlar yaradıb. Uzun illər Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərən aktrisa təbii oyun tərzi və koloriti ilə hər zaman seçilib. Ömrünün və yaradıcılığının ən gözəl çağlarında səhnə ilə vidalaşan aktrisa bu addımı ilə sevənlərini də məyus etdi. Kinodan da ayrı düşdü, səhnədən də… Uzun müddət sənət aləmindən uzaqlaşan aktrisa özünə qapandı. Sənət dostları ilə belə əlaqəni kəsməli oldu. Onu depressiyadan yalnız sənət, yaradıcılıq çıxara bilərdi. Lakin nə özü buna cəhd etdi, nə də çalışdığı teatrın rəhbərliyi…
Amma səhnədən və çəkiliş meydançasından uzaq düşən aktrisanı sevənləri unutmadı. Çünki o, əbədi olaraq yaddaşlarda özünə yer eləməyi bacaran aktrisalardan idi. Səhnə taleyində xoşbəxt olsa da, şəxsi həyatında arzuları nakam qaldı, nisgilli bir tale yaşadı.
Səfurə İbrahimova bu gün də sevilir, yaddaşlarda yaşayır. Çəkildiyi obrazları ilə…
Cəvahir
www.yenicag.az