“Qardaş Türkiyənin başına gələnlərdən dərs çıxarıb yeni tikilən binaların yenidən təftişinə çox böyük ehtiyac var”.
Bunu ölkəmizin seysmik zonada yerləşməsi səbəbilə Türkiyədə baş verən dağıntıların Azərbaycanda da baş verə bilmə ehtimalından danışan əmlak eksperti Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Bakıda Sovet binaları artıq ömrünün çox hissəsini sona çatdırıb:
“Dövlətimiz həmin binaların sökülüb yerində yenilərinin tikilməsi işlərinə uzun zamandır ki, başlayıb. İstismar müddəti başa çatmış binalarda yaşayışa davam etmək insanlar üçün çox təhlükəlidir. Zəlzələ və ya digər güclü təbiət hadisəsi zamanı ömrü bitmiş binaların böyük dağıntı və tələfata səbəb olacağı şübhəsizdir.
Yeni tikilən binalarda bəzi problemlər mövcuddur. Qəbul olunmuş normativlərə tam uyğun inşa edilməyən neçə-neçə bina var. Ümumiyyətlə binalar tikildikdən sonra testlərlə yoxlanılır. Müəyyən çıxarlar qarşısında tikilən binaların test cavablarının nə qədər şəffaf olması da digər müzakirə mövzusudur.
Qardaş Türkiyənin başına gələnlərdən dərs çıxarıb yeni tikilən binaların yenidən təftişinə çox böyük ehtiyac var. Komissiya yaradılıb yeni tikililərin həm seysmik, həm tikinti qaydalarına uyğun olub-olmaması, həmçinin tikinti materiallarının keyfiyyəti yoxlanmalıdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az