!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Təhlükə"nin sahilində: Xəzər SOS verir – REPORTAJ/FOTOLAR

!Reklam – Yazi

Havaların isinməsi, yayın gəlişi münasibəti ilə paytaxt sakinləri çimərliklərə üz tutmağa başlayıb. Dəniz mövsümünün başlaması ilə əlaqədar olaraq ənənəvi problem olan çimərliklərin təmizliyi məsələsi yenidən gündəmə gəlib.

Yenicag.az olaraq məsələyə təkcə çimərlik yox, daha geniş aspektdən yanaşmağa çalışdıq.

Ümumiyyətlə, Xəzər dənizinin ekologiyası nə yerdədir? Suyun təmizliyi üçün hansı addımlar atılır? Gecə-gündüz milyonlarla insanın yaşadığı şəhərin çirkabının axıdıldığı Xəzərin qeydinə qalmaq, bu məsələyə birbaşa cavabdeh olan qurumların vecinədirmi?

Açığı, dənizkənarı parkda gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. Sahildə apardığımız araşdırma zamanı qarşımıza çıxan iyrənc mənzərə vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha göstərdi. Bu görüntülərə nə dərəcədə mənzərə demək olar, bunun özü də böyük sual doğurur. Üfunət, pis qoxu, suyun üzündə üzən nəcis artıqları və müxtəlif məişət tullantıları Abşeronun incisinin nə vəziyyətdə olduğunu bir daha gözlər önünə sərir.

Cənablar, axı şəhər sakinlərinin və şəhərimizə gələn turistlərin ən çox sevdiyi yer dənizkənarı Milli Parkdır?! Belə turizm inkişaf etdirmək olar?

Təbii ki, bu hal insan sağlamlığını da ciddi təhdid altında qoyur. Həkimlər də insanlarda son zamanlar mədə-bağırsaq xəstəliklərinin artışında çirklənmiş suların böyük rol oynadığını bildirirlər. Mədə-bağırsaq xəstəlikləri, mədə mikrobu və təhlükəli bağırsaq çöplərindən əziyyət çəkənlərin sayına görə Azərbaycan region ölkələrindən çox irəlidədir. Çimərliklərdə istirahət edəndən sonra müxtəlif dəri xəstəlikləri və allergik narahatlıqlar keçirən insanlarımızın sayı da hər il artmaqdadır.

Bakının şəhər infrastrukturunun böyüməsi, paytaxtda əhalinin sayının gündən-günə artması Xəzərin təmizliyi və ekologiyası mövzusunu daha da qabardır. Lakin hər il aparılan araşdırmalar zamanı məlum olur ki, çirklənmənin miqyası ötən illə müqayisədə daha da artıb. Bakı və Sumqayıt kimi Abşeron yarımadasında yerləşən nəhəng sənaye şəhərlərinin tullantıları birbaşa, heç bir təmizlik qurğusundan keçmədən dənizə axıdılır. Bunun nəticəsində dənizdəki canlılar məhv olur və dənizdə çimən insanlar müxtəlif, uzun müddət sağalmayan xəstəliklərə tutulurlar.

Hazırda əksər müstəqil araşdırmaların nəticələrinə diqqət yetirsək görərik ki, Xəzərdə çimmək tibbi nöqtəyi-nəzərdən məsləhət deyil. Abşeronun çimərliklərindən alınmış su nümunələrinin analılizi göstərir ki, suda çox təhlükəli bakteriyalar, mikroorqanizmlər və bağırsaq çöpləri mövcuddur. Bu haqda hətta bəzi dövlət qurumlarının rəsmi səhifələrində də məlumatlar dərc olundu ki, həkimlər əhaliyə bu barədə xəbərdarlıq edirlər. Vətəndaşlara şəhərdən uzaq, yaşayış məntəqələrindən aralı çimərliklərdə çimmək tövsiyə olunur.

Ona görə də bu mövsümdə çimərlik seçiminizə diqqət etmənizdə özünüz və səhhətiniz üçün fayda var.

Firuz Asanov

 

www.yenicag.az

2865
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv