“Bu gün ümumtəhsil məktəblərində tərbiyə sisteminin yoxa çıxmasının əsas səbəbi təhsili idarəetmə sistemində çalışanların təhsillə əlaqəsi olmayan insanlar olmasıdır”.
Bunu Yenicag.az-la söhbətində təhsil eksperti Elşən Qafarov bildirib.
Mütəxəssis ümumtəhsil məktəblərində bullinq hallarının artmasından sonra baş verən hadisələri, eləcə də bunun çıxış yolu kimi təhsildə tərbiyənin çox mühüm olması ilə bağlı öz fikirlərini bildirib.
Onun sözlərinə görə, hazırkı ümumtəhsil məktəblərində tərbiyənin olmamasının başlıca səbəbini müəllimlərlə əlaqələndirməliyik.
“Çox təəssüflə qeyd etməliyik ki, bizim ümumtəhsil məktəblərində tərbiyə sistemi və tərbiyəvi işlər çox acınacaqlı səviyyədədir. Hazırkı ümumtəhsil məktəblərində tərbiyənin olmamasının başlıca səbəbini müəllimlərlə əlaqələndirməliyik. Çünki bu gün məktəblərimizdə müəllim adı nüfuzdan salınıb. Bunun ilkin və başlıca səbəbi indiki qiymətləndirmə sistemi olmuşdur. Biz müəllimləri əlçatmaz bir varlıq kimi düşündüyümüz halda, bəzi müəllimlər məktəbdə 10-20 qəpik kağızpulu, rəngpulu yığaraq, gözdən düşdü. Bu həqiqətən acı bir reallıqdır”.
Ekspert qeyd edib ki, təhsildə tərbiyə ilə bağlı bir sıra mühüm addımlar atılmalı, tədbirlər görülməlidir:
“Bu gün Elm və Təhsil Nazirliyinin fəaliyyəti 3 əsas istiqamətdən ibarətdir: bunlar imtahanların, təlimlərin və layihələrin keçirilməsidir. Göründüyü kimi, burada heç bir tərbiyəyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulmur. Bu isə düzgün deyil. Çünki təhsilin əsası tərbiyədir və tərbiyə olmayan yerdə təhsildən danışmaq olmaz”.
Mütəxəssisin fikrincə, psixoloji işi qurmadan tərbiyəvi işi qurmaq olmaz:
“Tərbiyəvi işlərin dağıdılması, eyni zamanda, psixoloji işin tamamilə məhv edilməsinə gətirib çıxarır. Məktəblərimizdə psixoloqlar texniki işçi qədər əməkhaqqı alır. Bundan əlavə, psixoloqlar sadəcə məktəbdə müəyyən mənfi hadisələr olduğu zaman yada düşür. Bu gün Azərbaycan məktəblərindəki psixoloqların bir çoxunun psixologiya üzrə təhsili yoxdur. Psixoloqların məktəblərdə şagirdlərlə müəyyən psixoloji işləri apartması üçün psixoloji kabinetlər, müəyyən vəsaitlər, avadanlıqlar olmalıdır. Təəssüf ki, bu gün bir çox məktəblərimizdə bunların heç biri yoxdur”.
Nəzrin Bünyatova